Əlilliyi olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Bu barədə APA-ya nazirlikdən xəbər verilib.
Bildirilib ki, bu il ərzində hər iki mərkəzin tikintisinə başlanması planlaşdırılır.
Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan əlilliyi olan uşaqların bərpa müalicəsi imkanlarının, onların reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına xidmət edir.
Son illərdə Nazirliyin reabilitasiya və sosial xidmət müəssisələri əsaslı təmir olunaraq yenidən qurulmaqla, 2021-ci ildə Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi də inşa olunaraq istifadəyə verilib. Hazırda həmçinin Bakıda iki uşaq reabilitasiya müəssisəsi də fəaliyyət göstərir.
Qeyd olunan mərkəzlərdə əlilliyi olan uşaqlar tibbi, sosial, tədris-peşə reabilitasiyası xidmətləri ilə əhatə olunurlar.