Fevralın 25-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş ənənəvi respublika turniri keçirilib.
“Aran” xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində yarışın açılış mərasimi baş tutub.
Açılış mərasimdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Ağcabədi royun İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva çıxış edərək Xocalı soyqırımı faciəsi haqqında yarış iştirakçılarına ətraflı məlumat verib. O, eyni zamanda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı belə turnirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra çıxış edən Təhsil İdman Mərkəzinin şahmat üzrə baş məşqçi Raul Quliyev sözügedən yarışlara respublikanın 28 rayon və şəhər məktəblərindən 300-ə yaxın şahmatçının
qatıldığını bildirib.
Həmçinin qeyd olunub ki, yarışlar A və B qrupları üzrə keçirilir. Mart ayının 4-nə qədər davam edəcək turnirdə A qrupunda 11-16, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparacaqlar.
Sonda Ağcabədi Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Rauf Musayev yarış iştirakçılarına uğurlar arzulayaraq şahmat turnirini açıq elan edib.
Beləliklə, Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş ənənəvi respublika
turnirinə start verilib.