“Mədəniyyət sahəsində idarəetmə düzgün olmayıb”

“Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq. Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması zəruri və əhəmiyyətli məsələdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.

“Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri təhlil edirik, problemlərlə daha yaxından tanış oluruq. İnstisional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı olsa da, idarəetmə düzgün olmayıb”, – deyə nazir müavini bildirib.

A.Kərimli qeyd edib ki, müəyyən səbəblərdən kadr yanaşmaları fərqli istiqamətdə olub: “Xüsusilə də burada subyektiv səbəblər çoxdur. Bu sahədə geniş müzakirələrə ehtiyac var. Qeyri-maddi mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Bu isə bizim bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas istəyi məhz mədəniyyət sahəsinin inkişafı olmalıdır. Mədəniyyət sahəsində fəaliyyət yalnız müəyyən, vizual tədbirlərin görülməsindən ibarətdir, fundamental işlər isə görülmür. Mədəniyyət sahəsində boşluqların, nizamsızlığın qarşısını almaq üçün strateji dövlət sənədi qəbul edilməlidir”.

Zaur Mirzə

Şərhlər