Şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin edilmiş Vətən müharibə iştirakçıları və müharibə veteranları ilə bağlı məsələlər dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Rayonumuzda da bu işlər uğurla həyata keçirilir, həmin şəxslər daim diqqət və qayğı ilə əhatə olunurlar. Yəqin ki, oxucularımız üçün də Ağcabədidə ümumilikdə bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat almaq maraqlı olar. Odur ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucovun verdiyi məlumatı sizə təqdim edirik.
Ş.Orucov görülən işlər barədə çox geniş və ətraflı danışaraq bildirib ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçulara, hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyib. Ağcabədi Rayon İcra Hakimiyyəti də öz işini “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli Fərmanına uyğun olaraq, bütün şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı ilə yanaşır. Həmin Fərmanda hər bir təşkilatın vəzifə və öhdəlikləri müəyyən edilməsinə baxmayaraq, rayonda bu mərkəzin fəaliyyətini əsasən rayon icra hakimiyyəti öz üzərinə götürüb. Belə ki, daxil olmuş müraciətlərlə bağlı rayon icra hakimiyyətinin rəhbərliyi başda olmaqla, hüquq-mühafizə orqanları həmin dövlət qurumları ilə əlaqələndirici missiyasını öz üzərinə götürüb.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir.
Vətən müharibəsində Ağcabədi rayonundan 3000 nəfərə yaxın şəxs iştirak edib ki, bunlardan 948 nəfəri qismən səfərbərliklə cəlb olunanlardır. Müharibə nəticəsində Ağcabədi rayonundan 1 nəfəri mülki olmaqla, 42 nəfər şəhid olub, 1 nəfər hərbi qulluqçumuz, rayonun Yuxarı Qiyaməddinli kənd sakini Mehdiyev Asim Yaqub oğlu itkin düşüb. Müharibə nəticəsində 310 nəfər yaralanıb, 67 nəfər müharibə iştirakçısının əlillik dərəcələri müəyyən olunub.
12-14 sentyabr 2022-ci il tarixlərində erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində 80 hərbi qulluqçu şəhid olub. Bu təxribat nəticəsinə Ağcabədi rayonundan Fərzəliyev Emin Elnur oğlu da şəhidlik zirvəsinə ucalıb, 14 sentyabr 2022-ci il tarixdə Ağcabədi rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şöhrət Orucov onu da bildirib ki, rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə şəhidlərimizin nəşinin gətirilməsi, dəfni, yas və ildönümü mərasimləri və digər mühüm tədbirlər həyata keçirilib, şəhid məzarları mütəmadi olaraq ziyarət olunub.
Müharibə dövründə və müharibədən sonrakı dövrdə evinə qayıtmış müharibə iştirakçılarından 268 nəfəri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov tərəfindən evlərində ziyarət olunub, həmin günlərdə evdə olmayan bütün yaralıların ailələrinə isə yardımlar göndərilib. Bundan başqa, qismən səfərbərliklə hərbi xidmətə cəlb olunmuş rayon sakinləri, eləcə də, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular və zabitlərin ailələrinə müharibə dövründə rayon icra hakimiyyətinin daxili imkanları hesabına ərzaq sovqatları çatdırılıb. Belə ki, 2020-ci ilin dekabr ayınadək 2200 nəfər Vətən müharibəsi iştirakçısının ailəsinə sovqat verilib.
Müharibə zamanı Ağdam, Tərtər və Ağcabədidə təmas xəttinə yaxın kəndlərdə yaşayan və evlərini tərk etməyə məcbur olmuş sakinlərə göstərilən qayğıdan da söz açan şöbə müdiri bildirib ki, həmin dövrdə 20.000-ə (iyirmi min) qədər sakin rayon icra hakimiyyəti tərəfindən müxtəlif sığınacaqlarda yerləşdirilmiş, ərzaq, isti geyim və digər lazımi ləvazimatlarla təmin edilib.
Şəhid adlarının əbədiləşdirilməsinə də diqqət çəkən Ş.Orucov bildirib ki, bunun üçün rayon icra hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə Ağcabədi şəhərində 9, Hindarx qəsəbəsində 1, kəndlərdə isə 32 olmaqla, ümumilikdə 42 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib, həmin küçələrdə xatirə lövhəsi ucaldılıb, Ağcabədi şəhərində şəhidlərin adı verilmiş 9 küçəyə asfalt örtüyü salınıb. Bir çox kəndlərdə şəhid ailəsi üzvlərinin yaşadığı küçələrə asfalt örtüyü salınıb, digərləri isə çınqıl qarışığı ilə hamarlanıb.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid Cəfərov Anar Eyvaz oğlunun, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş şəhid Qarayev Təhmasib Hikmət oğlunun və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid Mikayıllı Samir Sabir oğlunun adlarının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdimat ünvanlanıb.
Şöbə müdiri onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2022-ci il tarixli 3573 nömrəli Sərəncamı ilə Vətən müharibəsi şəhidləri Salmanov Tariyel Allahverdi oğlu, Əliyev Dəyanət Ələsgər oğlu, Məmmədov Cəmaləddin Türbəndə oğlu, Həziyev Xəyal Feyruz oğlu, Bayramov Xəzər Azad oğlu, Əliyev Mirağa Musa oğlu, Hacıyev İntiqam Eynulla oğlu, Qəhrəmanov Gülalı Aydın oğlu, Qəhrəmanov Mübariz Məkan oğlu, Quliyev Nurlan Şükür oğlu, Məmmədov Ceyhun Qafar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 12-14 sentyabr 2022-ci il tarixlərində erməni silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Fərzəliyev Emin Elnur oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Rayon icra hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə 47 nəfəri Vətən müharibəsi şəhidlərinin ailə üzvü, 58 nəfəri isə Vətən müharibəsi əlili olmaqla, cəmi 105 nəfər imtiyazlı şəxs rayon icra hakimiyyətində mənzil növbəsinə alınıb, müvafiq tədbirlərin həyata keçirilməsi üçün adlı siyahı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Mənzil uçotuna alınmış imtiyazlı şəxslərdən 6 nəfəri yaşayış yeri üzrə qeydiyyatını dəyişdiyinə görə, öz ərizəsinə əsasən mənzil uçotundan çıxarılıb. Hazırda 99 nəfər Vətən müharibəsi şəhid ailəsi üzvləri və əlilləri yaşayış sahəsinə ehtiyacı olan qismində rayon icra hakimiyyətində mənzil uçotunda qeydiyyatdadır.
Bu günədək 5000 nəfərə yaxın şəhid ailələri və müharibə iştirakçıları yaşadıqları kəndlərdə, eləcə də rayon icra hakimiyyətinin inzibati binasında birbaşa və onlayn qaydada rayon icra hakimiyyətinin başçısı ilə görüşü təşkil edilib. Keçirilən görüşlər zamanı şəhid ailəsi üzvləri və müharibə iştirakçıları tərəfindən qaldırılan məsələlərin bir çoxu müsbət həll olunub, digər müraciətlərlə bağlı isə aidiyyəti üzrə müvafiq tapşırıqlar və izahlar verilib.
Müraciətlərdə əsas mövzuya gəldikdə isə Ş.Orucov bildirib ki, bunlar əsasən işlə təmin olunma, özünüməşğulluq proqramına cəlb edilmə, maddi köməklik, mənzil növbəliyinə götürülmə, kirayə haqqının verilməsi, əlillik dərəcələrinin müəyyən edilməsi, müxtəlif təyinatlı torpaq sahələrinin ayrılması və sair məsələlər olub. Daxil olmuş müraciətlərin bir qismi artıq müsbət həll olunub, digər müraciətlərlə bağlı isə ilkin sənədləşdirmə işlərinə başlanılıb, hazırda sənədləşdirilmə işləri davam etdirilir. 2021-ci il tarixdə 55 nəfər, 2022-ci il tarixdə isə 56 nəfər imtiyazlı şəxslər rayon icra hakimiyyətində mənzil növbəsinə götürülüb. Təkcə, 56 nəfəri 2021-ci il tarixdə, 55 nəfəri isə 2022-ci il tarixdə olmaqla, son 2 ildə 111 nəfər imtiyazlı şəxs işlə, 104 nəfəri isə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Həmçinin, 17 nəfər ehtiyata buraxılmış hərbi qulluqçuya kirayə haqqı hesablanaraq ödənilir.
Müxtəlif təyinatlı torpaq sahələri ilə bağlı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları tərəfindən yerli bələdiyyələrə ümumilikdə 86 müraciət daxil olub. Müraciət edən imtiyazlı şəxslərdən 17 nəfəri yerli bələdiyyələrin perspektiv inkişaf fondundan həyətyani torpaq sahələri, 24 nəfəri əkinəyararlı torpaq sahələri və 21 nəfəri sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahələri ilə təmin olunmuşlar.
Rayon icra hakimiyyəti strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yarandıqdan sonra Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə iş daha sistemli şəkildə qurulub, onların qayğıları daim nəzarətdə saxlanılaraq əlaqədar dövlət qurumları və fondlarla birgə işlər aparılmağa başlanıb. Belə ki, şöbə yarandığı gündən mütəmadi olaraq şəhid ailələri və yaralıları evlərində ziyarət edərək onların problemlərini öyrənir və bu problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq digər qurumlarla birgə tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları aparılmış bölgü əsasında hər ay şəhid ailələri və müharibə iştirakçılarını evlərində ziyarət edərək onların problemlərini öyrənir, həmin insanlarla söhbətlər aparılır və problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı şəxslərin maddi və sosial təminatının qarşılanması ilə bağlı xeyli işlər görülmüşdür. Belə ki, rayon icra hakimiyyətinin imkanları hesabına Ağcabədi şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş 12 şəhid, eləcə də, Sarıcalı, Qaraxanlı və Minaxorlu kəndlərində dəfn edilmiş 5 şəhid olmaqla, ümumilikdə 17 şəhidin qəbirüstü abidəsinin hazırlanmasına 59 292 manat, Muğanlı kəndində “Qəhrəmanlar Parkı”nın tikintisinə 20000 manat, Hindarx qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nın tikintisinə isə 4900 manat vəsait xərclənib.
13 şəhidin 24 övladının hər birinə rayon icra hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə aylıq müavinət ayrılıb və ödənişlərin həyata keçirilməsi üçün plastik kartlar şəxsən rayon icra hakimiyyəti başçısı tərəfindən şəhidlərimizin həyat yoldaşlarına təqdim edilib.
Dövlət büdcəsinin vəsaitlərindən kənar, digər mənbələr hesabına rayonun Xocavənd kəndində şəhid Əliyev Mirağa Musa oğlunun ailəsinə ümumi sahəsi 212 kv.m olan kürsülü, 5 otaqlı, rayonun Minəxorlu kəndində şəhid Atayev Taryel Fəxrəddin oğlunun ailəsinə isə ümumi sahəsi 170 kv.m olan kürsülü, 3 otaqlı mənzil tikilərək, bütün məişət avadanlıqları ilə təmin edilib. Şəhid Məmmədov Məhəmməd Abbas oğlunun ailəsinə məxsus olan və tikintisi yarımçıq qalmış, ümumi sahəsi 174 kv.m ölçüdə 3 otaqlı fərdi yaşayış evinin tikintisi tamamlanmış, evin dam örtüyü vurulmuş, evin qarşısında talvar tikintisi üçün vəsait ayrılmışdır. Hazırda təmir işləri davam etdirilir. I qrup Vətən müharibəsi əlili Əliyev İntiqam Oqtay oğlunun rayonun Şahsevən kəndində yerləşən fərdi yaşayış evinin tikintisinin tamamlanması üçün vəsait ayrılıb və təmir işləri artıq yekunlaşıb. Şəhid atası Hüseynov Arif Möhsüm oğluna məxsus fərdi yaşayış evinin və II dərəcəli Vətən müharibəsi əlili Mamedov Samir Eldəniz oğlunun fərdi yaşayış evinin təmirinə vəsait ayrılıb. III dərəcəli Vətən müharibəsi əlili Tağıyev Allahverdi Mirələm oğlunun rayonun Biləğan kəndində ümumi sahəsi 228 kv.m olan fərdi yaşayış evinin dam örtüyü tam yenisi ilə əvəz edilib. 17 noyabr 2022-ci il tarixdə Vətən müharibəsində itkin düşmüş Mehdiyev Asim Yaqub oğlunun ailəsinə məxsus olan və rayonun Yuxarı Qiyaməddinli kəndində yerləşən fərdi yaşayış evi əsaslı təmir olunaraq, ailənin istifadəsinə verilmişdir. Yaşayış evi rayon İcra Hakimiyyətinin, rayon ərazisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və rayon ərazisində yaşayan xeyirxah insanların vəsaiti hesabına təmir olunub.
Şəhid ailələri, qazi və müharibə iştirakçılarının müraciətləri əsasında onların müalicə və digər zəruri xərclərinin qarşılanması, sosial durumlarının yaxşılaşdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrı vaxtlarda, cəmi 114 min 200 manat birdəfəlik maddi yardım ayrılıb, 192 min manat dəyərində ərzaq və digər yardımlar göstərilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 8 may 2021-ci il tarixli 77 saylı Sərəncamı mənəvi-psixoloji problemlər yaşayan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və yaralıların müayinə edilməsi, onlara lazımi tibbi və psixoloji yardımın göstərilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilib, Vətən müharibəsi iştirakçıları və yaralıların uçotunun aparılaraq rayon Mərkəzi Xəstəxanasında ixtisaslı həkim və mütəxəssislər tərəfindən növbədənkənar müayinə və müalicəsinin aparılması, onların ixtisaslaşmış tibb müəssisələrinə göndərilməsi işi təşkil edilib.
26 İyun Silahlı Qüvvələr günü ilə bağlı keçirilmiş ümumrayon tədbirində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş müharibə iştirakçılarına, şəhid ailəsi üzvlərinə müvafiq orden, medal və onların vəsiqələri təqdim edilib.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Ramazan və Qurban bayramları, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Zəfər günü və digər tarixi və önəmli günlərlə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və aztəminatlı ailələr ziyarət edilmiş, onlara bayram sovqatları aparılmışdır.
Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar olaraq 21 sentyabr 2021-ci il tarixdən etibarən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə bütün şəhid ailələri ziyarət olunub, onların problem və qayğıları dinlənilib, problemlərin həlli istiqamətində müvafiq addımlar atılıb.
Yeni tədris ilinin başlanması münasibətilə 21 sentyabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyəti, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən şəhid və qazi övladlarına, hər iki valideynini, yaxud valideynlərindən birini itirmiş 300 nəfər şagirdə məktəbli forması və dərs ləvazimatı hədiyyə olunub. Anoloji tədbir bu il də davam etdirilib və 72 nəfər Vətən müharibəsi şəhidlərinin, müharibə əlillərinin və iştirakçılarının övladları olmaqla, ümumilikdə 210 nəfər müvafiq kateqoriyadan olan şagirdlərə məktəbli forması alınıb.
Zəfər günü münasibətilə 8 noyabr 2021-ci il tarixdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti, şəhid ailələrinin iştirakı ilə Ağcabədi rayonunda ümumrayon tədbiri təşkil edilib. Tədbir başa çatdıqdan sonra Heydər Əliyev Meydanından Ağcabədi Qəhrəmanlar Parkına yürüş təşkil edilib. Parkda yürüşdə aparılan, Ağcabədidən olan 42 şəhidin portretlərindən ibarət sərgi təşkil edilib. Həmçinin, Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirilib və 44 ədəd ağac əkilib.
“Zəfər Günü” nün ikinci ildönümü münasibətilə də silsilə tədbirlər həyata keçirilib. Belə ki, Zəfər Günü ərəfəsində – 5 noyabr 2022-ci il tarixdən etibarən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra hakimiyyəti yanında Komissiyanın üzvlərinin iştirakı ilə bütün şəhid ailə üzvləri, əlillik dərəcələri təyin edilmiş müharibə iştirakçıları və müharibə veteranları ziyarət olunub, onlar bayram sovqatları verilib. Ümumilikdə, 51 nəfəri şəhid ailə üzvləri, 91 nəfəri isə Vətən müharibəsi əlilləri və bərabər tutulan müharibə iştirakçıları olmaqla, 142 nəfərə bayram sovqatı verilib, 152 nəfəri rayon ərazisində yaşayan aztəminatlı ailələr, 52 nəfəri isə aztəminatlı müharibə iştirakçıları olmaqla, cəmi 194 nəfərə maddi dəstək göstərilib. “Zəfər Günü” ilə əlaqədar həmçinin, Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib. 07 noyabr 2022-ci il tarixdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilərin iştirakı ilə Zəfər prospektinin, Muğanlı kəndi, Hindarx qəsəbəsi və Hacıbədəlli kəndində yerləşən şəhid abidə komplekslərinin açılış mərasimləri keçirilib.
5 sentyabr 2022-ci il tarixdən etibarən Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən 20 nəfər peşəkar psixoloq ölkəmizə gələrək Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəranda psixoloji yardıma ehtiyacı olan şəhid ailəsi üzvlərinə və Vətən müharibəsi iştirakçılarına psixoloji yardımlar göstərmişdir. Ağcabədi rayonu üzrə psixoloji yardıma ehtiyacı olan imtiyazlı şəxslərlə əlaqə saxlanılaraq onlar məlumatlandırılmış və psixoloji yardım almaları üçün Bərdə şəhərinə dəvət edilmişlər.
27 sentyabr Anım Günü ilə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayon ictimaiyyəti, şəhid ailələrinin və müharibə iştirakçılarının iştirakı ilə Ağcabədi rayonunda ümumrayon tədbiri təşkil edilib. Tədbir zamanı Bayraq Meydanından Ağcabədi Qəhrəmanlar Parkına yürüş təşkil edilib, rəmzi olaraq 43 ədəd ağac əkilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 51 nəfər şəhid ailəsi üzvü, 107 nəfər aztəminatlı müharibə iştirakçıları evlərində ziyarət olunub və onlara bayram sovqatları verilib. Bayram münasibətilə həmçinin, şəhid, qazi övladlarının və aztəminatlı ailələrinin övladlarının iştirakı ilə Heydər Əliyev meydanında bayram konserti təşkil olunub, azyaşlıların hər birinə bayram sovqatları paylanılıb.
Hüseyn Quluzadə