Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür.  Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd olunur. Hər il bir mövzuya həsr olunan bu tədbirlərin builki mövzusu “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu”dur

“Aran” xəbər verir ki, bununla bağlı Ağcabədi şəhər Ş. Hüseynov adına 2 saylı tam orta məktəbində keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları, yuxarıda adıçəkilən məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Tədbirdə FHN-nin Qarabağ Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, baş leytenant İqbal Ağayev çıxış edərək, Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranmasından, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata  keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən  söz açıb.  Bildirilib ki, mülki müdafiənin başlıca vəzifəsidir  əhalinin mühafizəsi və belə tədbirlərin  keçirilməsi fövqəladə hallardan mühafizə sahəsində insanların hazırlığının təmin olunmasında, fərdi mühafizə vasitələrdən istifadə qaydalarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. İ. Ağayev onu da vurğulayıb ki, 1993-cü ildən Azərbaycan da beynəlaxlq Ümumdünya Mülki Müdafiə təşkilatının üzvüdür.

Yekunda iştirakçıları maraqlandıran suallar FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən cavablandırılıb.

Şərhlər