Ümummilli maraqların reallaşması yolunda Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.
Yeni Azərbaycan Partiyasının 2021-ci martın 5-də keçirilən VII qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev videoformatda çıxış etmişdir. Həmin çıxış zamanı Prezident bildirmişdir ki, Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.
1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Milli düşüncə göstərərək ulu öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.
Ölkənin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Layihələr ətrafında birləşən ölkələrin sayı artmaqdadır və bu amil ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.
Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.
Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır.
Ölkə daxilində gedən xoşagəlməz proseslər və siyasi çəkişmələr böhranı daha da dərin etmişdir. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu, idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi. Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü və yaranmış vəziyyəti dəyişdirmək üçün heç bir ümid yox idi.
Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu.
Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər.
Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımır. Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanı müdafiə etdilər.
Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün dialoq önəmli amildir.
VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.
Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.
VII qurultaydan sonra Partiyaya 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunmuşdur.
YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür.
Azərbaycan xalqının ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür.
“Yeni Azərbaycan” qəzetinin dövrün tələblərinə uyğun və müasir standartlar əsasında nəşr olunması istiqamətində mühüm tədbirlər görülmüş, o cümlədən zəruri avadanlıq alınmış, məzmun və tərtibat baxımından təkmilləşdirilən, ofset üsulu ilə rəngli formatda çap olunmağa başlayan qəzetin səhifələrində xəbərlərlə yanaşı aktual məsələlərə, təhlil və araşdırma xarakterli yazılara, tənqidi materiallara geniş yer verilmiş, qəzetə oxucu marağı artmış və tirajı 4820-dən 6490-a çatmışdır.
Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi olaraq dinamik şəkildə inkişaf edəcəkdir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.
YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. 2022-ci ilin 22 noyabr tarixində Bakıda “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda İCAPP ilə birgə beynəlxalq konfrans keçirilmişdir. Bundan əlavə, YAP Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) İcra Komitəsinin və Baş Assambleyasının beş onlayn iclasında təmsil olunmuşdur.
YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci il tarixində Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzalanıb. 2022-ci ilin mayın 10-da Makedoniya Türk Demokratik Partiyası ilə əməkdaşlıq memorandumu imzalanmışdır.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda, o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir.
Partiyanın yeni Proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir
Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 6500-dən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.
2020-2021-ci illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində Bərdə rayonunda zərərçəkmiş ailələrə 1000 ədəd qatlanan çarpayı (yataq dəsti) verilmiş, evləri dağılmış 28 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bir ailəyə mənzillə təmin olunana qədər aylıq kirayə haqqı ayrılmışdır. “Qarabağ Dirçəliş Fondu”na 2021-ci ildə 500 000 manat məbləğində vəsait köçürülmüşdür. “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 2020-ci il ərzində ümumilikdə 500 000 manat vəsait köçürülmüş, tibb müəssisələrinə hər birindən 1000 ədəd olmaqla birdəfəlik kombinezon, maska-respirator və üz qoruyucu sipərlik təhvil verilmiş, 4000-dən artıq aztəminatlı ailəyə və kimsəsiz tənhalara ərzaq və şəxsi gigiyena vasitələri paylanılmışdır. Eləcə də, “Silahlı Qüvvələrə Yardım Fondu”na 2020-ci ildə 100 000 manat vəsait köçürülmüş, ön cəbhədə döyüşən əsgərlər üçün 14 700 manat məbləğində isti paltar və zəruri əşyalar alınmışdır. “YAŞAT” Fonduna isə 2020-ci ildə 100 000 manat vəsait köçürülmüşdür.
Fevralın 6-da Türkiyədə baş verən böyük dağıntı və təlafata səbəb olan təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş ölkəyə göndərilməsi təmin edilib.
Qeyd edək ki, YAP Ağcabədi rayon təşkilatı da yardım kampaniyasında aktiv iştirak etmiş və bu təşəbbüsə yüzlərlə Ağcabədi sakini qoşulmuşdur.