Həyat dəyərləri

Həyatda hər kəsin dəyər verdiyi, sevdiyi bir şey olmalıdır – Vətən, valideyn, övlad, sevimli peşə, hobbi və s. Əgər bunlar yoxdursa, onda yaşamağa dəyməz.

İnsanın öz sevdiklərinə olan münasibəti də yaşlandıqca dəyişir. Əgər 5 yaşındakı oğlan qutuda oyuncaq maşın və tapançalarını, 18 yaşındakı gənc sevgi məktublarını saxlayırsa, 30 yaşlı şəxs həyatda əldə etdiyi uğurlarla fəxr edirsə, bəs qocalıqda nə edə bilər?! Ağla gələn ilk cavab budur: Bəlkə nəvələri ilə qürur duyar.

Bəli, insan dünyaya yaşamaq və xoşbəxt olmaq üçün gəlir. Hər kəs öz istəyi ilə həyata xidmət etməlidir. İstər cavan olsun, istərsə də yaşlı. Şərgin böyük filosofu Cəlaləddin Rumi (Mövlana) demişkən: – “Həyat bir kəpənəyin ömrü qədər qısadır, kimsəni incitməyə və inciməyə dəyməz”. Buna görə də anlamalısınız ki, xoşbəxtlik başqaları ilə paylaşa biləcəyiniz bir şeydir. Məsələn, bu, ananın doğum günü üçün sevdiyi çiçəkləri, fanatı üçün köynəkdə avtoqrafı və yaxud sahibsiz heyvanın həyatını aclıqdan xilas etmək kimidir.

Hər gün bacardığınız qədər başqalarına, kiçik şeylər olsa belə yaxşılıq edin, çünki həyatın mahiyyətini dərk edənlər bununla xoşbəxt olar. Sevinci bölüşmək, kömək etmək, təsəlli vermək, hər şeyin həll olunacağına, yaxşı olacağına və həyatın davam edəcəyinə inam aşılamaq lazımdır. Dahi Nizami Gəncəvinin dediyi kimi:

“Quyuya salsan da yaxşılığı, bil

Yenə qayıdacaq, o itən deyil”.

Çoxları həyatla mübarizə aparır, düşünür ki, mənzil, maşın alacaq, vəzifə qazanacaq və nəticədən razı qalacaq. Bu nemətlər istənilən sayda ola bilər. Ancaq məsələn, valideynlərin gəncliyi və sağlamlığı əbədi deyil. Və vaxtı dayandırıb, yenidən uşaq olmaq istəyərsən, amma heç nə alınmaz. “Həyat” adlanan bu maşın hər saniyə naməlum istiqamətə tələsir və yaşadığı bütün anları özü ilə aparır.

Qaçılmazlığı dərk etmək bizi həyata başqa cür baxmağa vadar edir. Bütün pis və lazımsız şeyləri özünüzdən uzaqlaşdırıb, həyatın işıqlı tərəfində yaşayın.

Unutmayaq ki, hər şey Allahın əlindədir. Bizə heç nə əbəs yerə verilməyib. Odur ki, həmişə şükür edək!

Həmidə ƏKBƏROVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər