Həyat insana nə öyrədir? Bu sualı mənə dəfələrlə veriblər. Hətta bu mövzuda layihələr də keçirmişəm. Ancaq hər yerdə eyni cavabımı səsləndirmişəm. Əvvəlcə insanlığın nə demək olduğunu dərk etməlisən! Bunu isə yaşayıb, təcrübə topladıqca dərk edə bilərsən. Yəni həyatın acısını-şirinini dadmadıqca, onun necə olduğunu bilməzsən. Yaşadıqca, hər şeyin fərqinə vararsan…
Həyat insana çox şey öyrədir. Hər yeni bir gündə insan həyatında nələrisə əldə edir. Düzdür, bəziləri insanlıq adına layiq olmur. Onlara heç əslində insan demək də düz deyi. Cəmiyyətdə o qədər cahil, mərhəmətsiz, vicdansız və s, insanlıq adına ləkə olanlar var ki… Onlar öz aləmində bir yuxu içərisindədirlər. Yalnız o yuxu içərisində özləri üçün coşub – daşarlar. Amma yuxudan ayılanda hər şey çox gec olur və anlayırlar ki, keçib gedən zaman deyil, insan ömrüdür. Bu ömür isə, bizə yalnız bir dəfə verilir.
70 il yaşayıb ömründən dəyərli istifadə etməmisənsə günah səndədir. Allah sənə o, 70 ili verdi, sən də sıradan həyat yaşayıb getdin. Nə dəyişdi ki? Ona görə də elə yaşa ki özündən sonra bir iz qoyub gedə biləsən! İnsan ömrü çox çətindir. Bu ömrü dəyərli başa vurmaq üçün çalışmalıyıq! Sınaqlar çətinliklər hər birimizin həyatında olur. Çətinliklərlə üzləşə, hətta yıxıla da bilərsən. Ancaq əsas məsələ sənin yıxılmağın deyil ki… Əsas yıxıldıqdan sonra ayağa qalxa bilməyindir! Həyatda nə baş verir versin, mübarizə aparmalısan. Niyə? Çünki sən insansan..! Bəli, insan olmaq çətindir. Unutmayaq ki, hər kəs adamdır, amma hər kəs İnsan deyil.
Həyatınızı dəyərli yaşamaq üçün əvvəlcə insanlığın nə demək olduğunu anlayın.! İnsan olun və İnsan qalın…
İlkanə Həsənli