Müəllimin ən başlıca vəzifəsi tədris müəssisində tələbələrə nümunəvi davranış nümayiş etdirməklə onları tərbiyələndirməkdir. Belə ki, müəllim ilk növbədə ətrafdakılarla pozitiv ünsiyyəti qurmağı bacarmalı, bu ünsiyyətin zəruri təsiredici mexanizmlərinə yiyələnməli və bununla da təlim-tərbiyə prosesinin səmərəliliyini artırmağa nail olmalıdır. Məhz bunun sayəsində müəllim şəxsiyyəti formalaşır, pedaqoji fəaliyyətin tələbələrin təlim-tərbiyəsi prosesinə yönələn fəaliyyət səfərbər edilir.
Müəllim adətən tədris etdiyi fənnin tələbələrə ali səviyyədə mənimsədilməsinə bilavasitə məsuliyyət daşıyır. Bu səbəbdən də müəllim tələbələrə nümunəvi etik davranış nümayiş etdirməsiylə yanaşı, öz peşəkar sahəsini də mükəmməl bilməli, ixtisas fənninin tədrisi üsullarını mütəmadi olaraq inkişaf etdirməlidir. Cəmiyyətin perspektiv inkişafı müəllim heyətinin təlim-tərbiyə bacarıqlarının səviyyəsindən çox asılıdır. Bu baxımdan orta və orta ixtisas məktəblərindən fərqli olaraq ali təhsil müəssisələrində çalışan müəllimin bacarıq və qabiliyyəti qat-qat üstündür.
Ali tədris müəssisəsində təhsil alan tələbələrin tədris prosesini idarə etmək, gənclərə xas olan çılğın tələbə emosiyalarına vaxtında təsir etmək qabiliyyətinə malik olmaq müəllimin üstünlüyüdür. Belə ki, müasir dövrdə ali məktəbdə təhsil alan tələbələr 10-15 il öncə təhsil alan tələbələrdən çox fərqli dünyagörüşünə, qabilyyət və bacarıqlara malikdirlər. Onlar artıq tələbə partası arxasına əyləşəndə kifayət qədər məlumatlı olurlar. Müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafının genişlənməsi, hamıya əlçatan olması, tələbələrdə də öz əksini tapır. Onlar, hətta bəzi məlumatların tez bir zamanda əldə edilməsi və digər istifadəçilərə ötürülməsini öz müəllimlərindən daha çevik bir formada həyata keçirə bilirlər. Ümumi dünyagörüşündə müstəsna yer tutan həyat bilgiləri haqqında daha yeni məlumatları əldə edən tələbələr, bəzən tədris prosesində bunu replika kimi müəllimin diqqətinə çatdırmaqla, sankı onlara bu sahədə biliklərinin daha olmasını vurğulayırlar. Bu cür hallarda müəllimlərin bəziləri özlərini alçaldılmış kimi hiss edərək, tələbələrə qarşı qərəzli davranış nümayiş etdirirlər, onların biliklərinin qiymətləndirilməsində subyektivliyə yol verirlər ki, bu da tələbələrin tədris prosesində narazılıqlarına səbəb olur. Bu səbəbdən də, ali təhsil müəssisələrinin müəllimləri tələbələr qarşısında məsuliyyətini qəti formada dərk etməli, daimi olaraq, hətta İKT sahəsində də öz bilik və bacarıqlarını artırmalıdırlar. Müəllimin öz peşəkar fəaliyyətlərini daha səmərəli səviyyəyə çatdırmaları istiqamətində informasiyalardan daim istifadə etməyi bacarmalı, tədris prosesində tələbələrin qarşısına yarımçıq, natamam fikir mülahizələrlə çıxmamalıdırlar. Məhz bu prosesin səmərəli sonluqla nəticələnməsi üçün müəllimlər öz tələbələri ilə birlikdə yenilikləri oxumalı və istifadə etməyi bacarmalıdırlar. Bu fəaliyyət sayəsində tələbənin yaradıcılıq qabiliyyəti davamlı olur, o öz şəxsiyyətliliyini inkişaf elətdirir, gələcəyə bacarıqlı, qabiliyyətli və peşəkar bir mütəxəssis kimi ümidlə yetişir.
Ali təhsil müəssisələrində dərs deyən müəllim auditoriyada təhsilin məzmunu ilə təlimin forma və metodlarını bacarıqla vəhdətə gətirməyi, keçilən mövzuya uyğun məlumatlardan düzgün istifadə etməklə tələbələri mövzunu daha dərindən öyrənməyə stimullaşdırmağı bacarmalıdır.
Bütün bu sadalananlar tədris prosesində müəllim-tələbə münasibətlərinin konstruktivliyini artıran amillər kimi qiymətləndirilməli, müəllimin tələbələr və cəmiyyət qarşısında məsuliyyətinin ciddiliyi kontekstində öz əksini tapmalıdır.
Nəticədə qeyd etmək lazımdır ki, ali məktəb müəllimləri vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrə qarşı münasibətdə pozitiv olmalı, öz davranışında zəruri etik normalara riayət etməli, əsl “müəllim” adını qoruyub saxlamalıdır.
Mahir SƏLİMOV
ADPU-nun Ağcabədi filialı Fəlsəfə üzrə
fəlsəfə doktoru, dosent