Poladlıda yeni məktəb binası tikilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən məktəblər tikilib müəllim və şagirdlərin istifadəsinə verilir.

Aran” xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Ağcabədi rayonunun Poladlı kəndində yeni bir məktəbin tikintisi həyata keçirilir. Bununla əlaqədar inşa olunan məktəbin iş icraçısı Samir Rəhimovla əlaqə saxladıq.

S.Rəhimov bildirdi ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəbin inşasına yanvar ayında başlanılıb. Məktəbin tam tikilib istifadəyə verilməsi 2023-cü ilin sentyabr ayına nəzərdə tutulub. O, qeyd edib ki, 300 şagird yerlik olan ikimərtəbəli məktəb binasının tikinti sahəsi 2000 kvadratmetr sahəni əhatə edir.

Samir Rəhimov söhbətinə onu da əlavə edib ki, şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən zəruri şərait yaradılacaq. 14 sinif otağından, fənn kabinetlərindən ibarət olan binada əyani vəsaitlərlə təchiz olunmuş fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, eləcə də qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları da fəaliyyət göstərəcək.

Bununla yanaşı, məktəbin binası istilik, elektrik, müşahidə sistemləri ilə təmin ediləcək. Həmçinin təhsil müəssisəsinin həyətində qazanxana, transformator yarımstansiyası, içməli, çirkab və yanğın əleyhinə su anbarlarının inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda binanın həyətində şagirdlər üçün açıq idman meydançası istifadəyə veriləcək, abadlıq işləri aparılacaq və yaşıllıq yeri yaradılacaq. 

Hazırda məktəbin binasının istismara verilməsi üçün tikinti işləri sürətlə davam edir. 

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər