Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma (MOB) Mərkəzinə rayon sakinlərinin müraciətləri davam edir. Son günlərdə edilən müraciətlərlə bağlı bir qrup vətəndaşın problemi öz həllini tapıb. Rayon icra hakimiyyəti tərəfindən aradan qaldırılan həmin məsələləri sizlərə təqdim edirik.
Rayonun Kəhrizli kənd sakini Etibar Qəhrəmanov və digər 6 nəfər şəxs müraciət edərək, əkin sahələrinə xidmət edən subartezian quyusunun qarşısında 50 hektarlıq əkin sahəsinin olduğunu və həmin ərazidə əkin sahələrinə xidmət edən digər subartezian quyusunun qarşısında 15 hektar əkin sahəsinin olduğunu bildirərək, subartezian quyularının növbəlilik qrafikinin yenidən tərtib olunmasına köməklik göstərilməsini xahiş ediblər. Vətəndaşların müraciəti nəzərə alınaraq, rayon icra hakimiyyəti tərəfindən həmin məsələyə yerində baxılıb və həll edilməsi üçün Kəhrizli kənd inzibati ərazi dairəsinə müvafiq tapşırıq verilib. Nəticədə Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəsmi nümayəndələri əraziyə baxış keçirib, şikayətçilərin tələbi təmin olunub.
Muğanlı kənd sakini Mərdan Quliyev 1 hektar ərazidə əkdiyi taxıl sahəsinə xidmət edən subartezian quyusunun növbəlilik qrafikinin qardaşı Eldəniz Quliyev tərəfindən pozulması ilə bağlı MOB Mərkəzinə müraciət edib. Vətəndaşın problemi ilə əlaqədar olaraq, Ağcabədi Suvarma Sistemləri İdarəsi ilə əlaqə saxlanılıb, sözügedən qurumun nümayəndəsi bildirib ki, M.Quliyevin müraciətinə yerində baxılıb.
Ağcabədi şəhər sakini Şöhlət Abdullayeva övladı, Vətən müharibəsi iştirakçısı Abdullayev Emin Cabbar oğlunun qan xəstəsi olduğunu bildirərək, maddi yardım göstərilməsi ilə bağlı müraciət ünvanlayıb. Rayon icra hakimiyyəti tərəfindən vətəndaşın övladının səhhəti nəzərə alınaraq, 1000 manat birdəfəlik maddi yardım edilib.
Ağcabədi rayon Şahsevən kənd sakini Saleh Əhmədov əkin sahəsinin suvarılması ilə bağlı, Kəhrizli kənd sakini Dönməz Qasımov isə əkin sahəsinə xidmət edən subartezian quyusunun yanması ilə əlaqədar MOB Mərkəzinə şikayət ediblər. Ağcabədi RİH tərəfindən hər iki kəndin inzibati ərazi dairəsinin nümayəndəsi ilə əlaqə saxlanılaraq, problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Poladlı kəndindən olan Elman Səfərov isə kənd ərazisində içməli sudan istifadə edə bilmədiyini bildirərək, bu məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edib. E.Səfərovun şikayəti təmin olunaraq, içməli su bulaqlarının sakinlər tərəfindən fərdi yaşayış evlərinə çəkilərək qanunsuz istifadə hallarının qarşısının alınması üçün Ağcabədi RİH tərəfindən 5 nömrəli Regional Sukanal İdarəsinin Ağcabədi Sukanal Sahəsinə müraciət olunub.
“Aran“