Ağcabədidə “Heydər Əliyev” ili ilə əlaqədar futbol idman növü üzrə rayon turniri keçirilir – FOTO VİDEO

“Heydər Əliyev İli” çərçivəsində respublikanın   bütün bölgələrində olduğu kimi rayonumuzda da idarə, müəsssisə və təşkilatlar tərəfindən silsilə tədbirlər təşkil olunur.  Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar  Cəfərbəyli kənd idman meydançasında martın 4-dən  böyüklər arasında  futbol idman növü üzrə rayon turnirinə start verilib. Keçirilən tədbirdə  YAP Ağcabədi rayon təşkilatının məsul işçiləri, rayon icra hakimiyyətinin əməkdaşları, Cəfərbəyli, Ağabəyli, Hacıbədəlli kənd inzibati ərazi dairələrinin üzvləri, Cəfərbəyli kənd tam orta məktəbinin müəllim və şagirdləri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri və media mənsubları iştirak ediblər.

“Aran” xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatının Cəfərbəyli Ərazi Partiya Təşkilatının dəstəyi ilə baş tutan futbol idman növü üzrə rayon turnirini  Cəfərbəyli Ərazi Partiya Təşkilatının  sədri Səbuhi Atakişiyev açıq elan edərək, görüş iştirakçılarını salamlayıb, yarış barədə  geniş  məlumat verib.

Sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, qonaqlar tərəfindən ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin və Qardaş Türkiyə Respublikasında həlak olan zəlzələ qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında Heydər Əliyev ili elan olunub. Rövşən Əhmədov ulu öndərin hakimiyyətdə olduğu dövrlər ərzində ölkəmizin  inkişafı naminə  gördüyü əvəzsiz  xidmətlər barədə  geniş danışıb. Natiq söhbətinə onu da əlavə edib ki, əsası dahi rəhbər tərəfindən qoyulan  bu inkişaf bugün Heydər Əliyevin layiqli siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən Cəfərbəyli kənd tam orta məktəbinin direktoru Valeh Atakişiyev isə  bu gün sevincli gün olduğunu,  ulu öndərin 100 illiyi ilə əlaqədar belə mötəbər  idman yarışının Cəfərbəyli kəndində  təşkil olunmasını   əlamətdar hadisə kimi  qiymətləndirib.

Daha sonra Cəfərbəyli kənd tam orta məktəbinin şagirdləri  ümummilli liderin və şəhidlərimizin əziz xatirəsinə  şeirlər səsləndiriblər. Futbol idman növü üzrə rayon turniri  başlamazdan əvvəl Cəfərbəyli kənd tam orta məktəbinin qarşısında  hər iki  komandanın  futbolçuları və qonaqlar  ağacəkmə aksiyasında iştirak ediblər.

Daha sonra matça start verilib. Gərgin keçən oyunda Cəfərbəyli kənd komandası Sarıcalı kənd komandası üzərində 4:1 hesablı parlaq qələbə qazanıb.

Qeyd edək ki, 14 komandanın yarışdığı futbol idman növü üzrə rayon turniri davam edəcəkdir.                                                               

                                                                                          Hüseyn Quluzadə

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com