Bu günümüzün, gələcəyimizin dayağı qadınlar

“Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.” 

(Hüseyn Cavid)

Azərbaycan qadını!

Bu iki kəlmənin altında çox böyük, çox qüdrətli, çox zəngin mənəvi dünya yatır. Tarixən adı əfsanələşən, dillərdə dastan olan, düşmən önündə  kişilərlə çiyin-çiyinə vuruşan, amma buna baxmayaraq “kişi”ləşməyən, incəliyini, zərifliyini, kövrəkliyini itirməyən, “Həcər”ləşən, “Nigar”laşan Azərbaycan qadını. Mən səni təsvir etmək üçün hansı sözü işlədim? Hansı təsvir vasitələrinə müraciət edim? Yetərmi, çatarmı bacarığım? Tükənməzmi söz ehtiyatım?

Oğuz əfsanələrində, Nizami poemalarında, dastanlarımızda, nağıllarımızda özünə özəl və gözəl yer tutdun hər zaman. Məhsəti Gəncəvinin, Xurşid banu Natəvanın, Fatma xanım Kəminənin, Heyran xanımın, Pəri xanımın misralarından boylandın bu dünyaya. Sara xatunun, Tuti Bikənin qüdrətində cilalandın, parladın. Sənin adın böyük, sənin ömür yolun böyük, sənin özün böyüksən, Azərbaycan qadını! Çox sınaqlardan keçdin, çox ələklərdə ələndin, çox haqsızlıqların acısını daddın, əzildin, boğuldun, sıxıldın amma sınmadın. Əksinə, zamanın sərt sillələrinə sinə gərdin, dözdün, durdun, durduqca böyüdün, böyüdükcə özünü isbatladın. İsbat etdin ki, Azərbaycan qadını gözəl ana, gözəl həyat yoldaşı, gözəl sənətkar, gözəl ziyalı, gözəl siyasətçidir.

Amma sən bunları əldə edənə qədər hansı yollardan keçdin?! Xatırlayaqmı? Birgə dönüş edəkmi tarixə? Axı mən də qadınam…Axı mən də anayam… Axı mən də bir qız övladı böyüdürəm… Bizim kimi minlərlə qadının yaddaşını təzələmək, yaxın keçmişimizi yenidən xatırlamaq yerinə düşməzmi? Elə isə…

Hələ 1918-ci ildə ölkəmiz ilk dəfə müstəqillik əldə etdiyi dövrdən başlayaraq Azərbaycan qadınının bərabərliyi bərqərar oldu. Bu, sonrakı illərdə, SSRİ dövründə də davam etdi. Amma etiraf edək ki, nə qədər şərait yaradılsa da, qadınların təhsil almasına imkanlar olsa da, bir çox qadınlarımız yenə də böyük zəhmət çəkməli idilər. Rejimin tələbinə uyğun olaraq daha çox fiziki güc hesabına uğurlar əldə edə bilirdilər. Nəhayət Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra daha böyük sınaqla – müharibə adlı kabusla üz-üzə qaldı qadınlarımız.

I Qarabağ müharibəsində hamı sızladı, hamı yandı, hamı göynədi. Amma ən böyük zərbəni qızlar, gəlinlər, analar, bacılar – qadınlar aldı. Onlar ata, ər, oğul, qardaş kimi dayaqlarını, güvənc yerlərini itirdilər. Təkləndilər, ümidsizləndilər. Haraya, kimə üz tutacaqlarını bilmədilər. Qorxu, iztirab, kədər içində qovrularkən tale bir ümid qapısı açdı onların üzünə…  

1993-cü ildə Azərbaycan xalqının seçimi ilə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu ümid qapısından görünənlər gerçəkliyə çevrildi. Dahi lider ilk olaraq ana-bacıların qəlbini parçalayan, gözlərini yollarda qoyan, naləsini ərşə dirəyən  müharibə qorxusunu dəf etməyi bacardı. 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında  “Atəşkəs” sazişinin imzalanması kor-koranə, təcrübəsiz, təchizatsız, dəstəksiz döyüşlərdə tökülən günahsız qanların, verilən günahsız qurbanların qarşısı alındı (Təbii ki, bununla qarşıdakı, hər an baş verə biləcək döyüşlərdə qələbə qazanmaq üçün vaxt qazanmış olduq). Bu, hər şeydən öncə qadınların toxdaqlıq tapmasına, başındakı, beynindəki, gözlərindəki dumanı dağıdıb sərbəst düşünə bilməsinə, ətrafı real şəkildə görməsinə, yalanı və həqiqəti bir-birindən seçməsinə, türk qadınının  tarixi qüdrətini bərpa etməsinə şərait yaratdı.

Qısa bir zamanda öz xilaskarına ürəkdən inanan Azərbaycan qadını onun ətrafında, onun yaratmış olduğu Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşməyə başladı. Bu birlik, partiyanın həyata keçirdiyi uğurlu, məqsədyönlü siyasətin inkişafında dəstəkçi oldu. Qarşılıqlı inam sayəsində dövlətimiz gündən-günə çiçəkləndi, inkişaf etdi, böyük-böyük uğurlara imza atdı. 1995-ci ildə Yeni  Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması, həmin ildə Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi“ Konvensiyasına qoşulması,1998-ci ilin 14 yanvarında  Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi” nin yaradılması, Azərbaycan Respublikasında “Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” fərmanın imzalanması və digər bu kimi addımlar Ulu öndərin Azərbaycan qadınına verdiyi  böyük dəyərin sübutu, qadınların “dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağı” olmasına böyük inamının və ümidinin ifadəsi idi. Bu, elə bir siyasi yol idi ki, Azərbaycan qadınının gələcək uğurları bu yoldan keçirdi və bu gün də minlərlə qadın məhz bu yoldan keçməkdədir. Nəticədə düzgün istiqamətlənən Azərbaycan qadını öz kimliyini sübut etmək, dövlətimizin tərəqqisi üçün bacarığını ortaya qoymaq imkanından istifadə edir, müstəqilliyimizin qorunması uğrunda var qüvvəsi ilə çalışır, sağlam mühitin, sağlam gəncliyin, sağlam həyat tərzinin qurulmasında yaxından iştirak edir.

Artıq Azərbaycan qadını  sözünü deməyi, arxasıyca yüzlərlə insanı aparmağı bacarır. Bu gün dövlət orqanlarında, icra hakimiyyətlərində, seçkili orqanlarda – Milli Məclisdə, Bələdiyyələrdə qadınların dəstəklənməsi, önə çəkilməsi, onlara böyük kütlənin inanması qadınlarımızın və dövlətimizin çox böyük uğurudur.

Azərbaycan qadını əməksevərdir, zəhmətkeşdir, bacarıqlıdır, qabiliyyətlidir, istedadlıdır… Amma  hər şeydən öncə o, zərif bir xanımdır, anadır. Qadın isə elə bir varlıqdır ki, nə qədər güclü olsa belə hər zaman özünə diqqət istəyər, qayğı ilə əhatələnmək arzulayar. Çünki qadın o zaman özünü təsdiq edə bilir ki, özünə inamı olur, irəliyə doğru nikbin addım ata bilir. Təbii ki, övladını ac, yalın ayaqda, soyuq daxmada tək-tənha qoyub böyük işlər görmək, dövlətçilik uğrunda çalışmaq heç bir ananın ağlından keçə bilməz. Bu məqamda instikt olaraq ana hətta “ayaqlarda sürünmək”, şaxtada, qızmar günəş altında çalışmaq bahasına olsa da yalnız övladını doyurmaq, yavrusunun soyuqdan göyərmiş barmaqlarını isti nəfəsi ilə qızdırmaq haqqında düşünər. Demək ki, biz qadınların bu gün bu qədər fəal olmağımızın, savadlı, intellektli, yaradıcı xanımlar kimi dövlətimizin, dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin qorunmasında bilavasitə iştirak etməyimizin səbəbkarı dövlətimizin həyata keçirdiyi uğurlu siyasətdir. Sosial şəraiti gündən-günə yaxşılaşan, övladının qayğısına qalmağa, xanım olaraq özünə, istirahətinə vaxt ayırmağa imkan tapan qadın maddi vəziyyəti yüksəldikcə mənəvi dəyərlər haqqında düşünməyə, bunun üçün  çalışmağa, bacardığı qədər işlər görməyə başlayır. Bu gün qorxusuz, açıq ürəklə övladlarımızı gözəl şəraiti olan uşaq bağçalarına, ümumtəhsil məktəblərinə göndərə bilir, bu güvənin sayəsində cəmiyyət üçün xeyirli işlər görməyi, dövlət orqanlarında çalışmağı, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməyi, hətta Azərbaycanımızı dünya səviyyəsində təmsil etməyi belə bacarır və bunu gələcəyə böyük inamla edirik…

Savadlı qadın həm də savadlı övlad yetişdirir və bu da savadlı gələcək deməkdir. Bütün cahilliyə, nadanlığa, məişət zorakılığına qarşı ən tutarlı silah onların qarşısında savadlı, məntiqli, elmli, sağlam düşüncəli insanların yetişməsidir ki, dövlətimizin bu sahədə həyata keçirdiyi islahatlar danılmazdır. Elə dahi liderimiz Heydər Əliyevin ailəsində yaşayaraq onun siyasi kursunu dərindən mənimsəyən, bu siyasətin davamçılarından biri olan, Azərbaycan qadınının dünya ölkələri arasında mükəmməl obrazını yaradan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təkcə təhsil sahəsində gördüyü işlər, yüzlərlə müasir tipli təhsil müəssisəsinin tikilərək istifadəyə verilməsi Azərbaycanda təhsilə, elmə, xüsusən qadınların təhsil almasına nə qədər böyük diqqət ayırmasının sübutudur.

“Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm”, – deyən Mehriban xanımın  müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, səhiyyəyə, mədəniyyətə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyi diqqət çəkdi, atdığı bütün addımlar Azərbaycan qadınına ruh verdi, xoşməramlı fəaliyyəti ilə onlar üçün ideal bir qadın obrazına çevrildi. Bu gün gənc xanımlar arasında məhz Mehriban xanımdan örnək götürən, əməlləri ilə ona bənzəmək istəyənlərin sayının artığını görmək də mümkündür. Təbii ki, bunun özü də sevindirici bir haldır. Gənclərimiz, xanımlarımız yaxşılardan nümunə götürdükcə, milli adət-ənənələrimizə bağlandıqca, milli dəyərlərimizin, mədəniyyətimizin, incəsənətimizin, təhsilimizin, dilimizin, dinimizin təbliğatçısına, qoruyucusuna çevrildikcə ölkəmiz gündən-günə daha da inkişaf edəcək, Azərbaycan qadını daha böyük uğurlara imza atacaqdır.

Yazımın əvvəlində I Qarabağ müharibəsindən və o müharibə dövründə qadınlarımızın yaşadığı sarsıntıdan söz açmışdım. İllər keçdi, daha bir müharibəylə üz-üzə qaldıq. Amma fərq göz önündədir. İndi bizim çox güclü dövlətimiz, qüdrətli Ordumuz var. İndi analarımız qalib oğulların anasıdır. Onların dünyaya gətirdiyi, tərbiyə etdiyi, vətənpərvər ruhda böyütdüyü oğullar I Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən, son damla qanınadək vuruşan oğullarımızın qisasını aldı, onların gözüyaşlı doğmalarının yarasına məlhəm oldu, torpaqlarımız işğaldan azad edildi, anaların anası Azərbaycanımız böyük ZƏFƏR qazandı. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar arasında bir xanım – Arəstə Baxışova da var idi. Bu gün onu da böyük fəxrlə xatırlayırıq. Ruhun şad olsun, şəhidim!

Mən bu yazıya başlayarkən, böyük şairimiz, yaradıcılığı Ulu öndər Heydər Əliyev tərəfindən çox yüksək dəyərləndirilən Cavid əfəndidən sitat gətirmişdim. Sonluğunu da onun misraları ilə bitirmək istərdim:

Qadın gülərsə şu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək… 

Üzün hər zaman gülər olsun, yaşa, Azərbaycan qadını!!! 

                                                           Məhsəti Musa

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər