8 Mart – Beynəlxalq Qadınlar Günüdür

“Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. (Heydər Əliyev)

Dahi lidermiz Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi bu yüksək dəyərdən sonra əlavə heç nə qeyd etmədən 8 Mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bu yazıda  rayonumuzun uğurlu, seçilən xanımlarından söz açmaq istədik. Ağcabədili qadınlar hər zaman və hər sahədə – elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, təsərrüfat və digər sahələrdə uğurlar qazanıblar. Ağcabədi qadını deyəndə ilk olaraq ağlımıza Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Həmidə xanım Cavanşir gəlir. Bu qadının göstərdiyi misilsiz xidmətlər bugün üçün də böyük örnəkdir və biz hər zaman onun adını fəxrlə, qürurla çəkirik. Həmidə xanımın açdığı cığır, qadınlarımızın savadlı, təhsilli, fəal olması üçün atdığı addımlar illər sonra öz bəhrəsini daha aydın şəkildə verəcəkdi.

Bir çox tanınmış xanımlar – Əməkdar artistlər Sahibə Əhmədova, Könül Kərimova, Xalq artisti Roza Tağıyeva, Kimya elmləri üzrə fəlsəfə doktoru Hədiyyə Xəlilova, Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Könül Nəhmətova, Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, Sosialist Əməyi Qəhrəmanları Suqra Mədətova, Güləbətin Məmmədova, eləcədə yüzlərlə elm, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar qazanmış xanımlarımız məhz Ağcabədidə doğulub böyüyüblər. Bu gün rayonumuzda yaşayaraq, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin, təsərrüfatımızın inkişafına təkan verən qadınlarımız da kifayət qədərdir. Onların hər birinə uğurlar, nailiyyətlər arzulayırıq.

Qəhrəmanlar anası…

Heç şübhəsiz deyə bilərik ki, bütün sahələrdə qadınların üzərinə daima məsuliyyət, böyük öhdəliklər düşür və onlar bu işlərin öhdəsindən ləyaqətlə gəlirlər. Zərif, incə, həssas olan qadınlarımızın həm də şir ürəkli, şir biləkli, mübariz, yenilməz oğullar böyütdüyünün şahidiyik. İstər I Qarabağ müharibəsi, istər aprel döyüşləri, istərsə də Vətən müharibəsi zamanı bu qadınlar  canlarından can ayrılsa da, bircə kəlmə “Vətən sağ olsun!” dedilər. Öz oğullarını, həyat yoldaşlarını, qardaşlarını itirsələr də dik dayandılar, sözdə yox, əməldə də necə mətin, vüqarlı olduqlarını sübut etdilər.

Bu gün torpaqlarımızın müdafiəsi zamanı həlak olan şəhidlərin, sağlamlığını itirən hərbi qulluqçuların, minlərlə döyüşçülərimizin, igidlərimizin analarının, xanımlarının, qızlarının da bayramıdır. Əlbəttə, çox istərdik ki, müharibədə şəhid vermiş qadınlarımızın hər biri haqqında qəzetimizdə ayrı-ayrılıqda məlumat verək. Amma çox düşündükdən sonra bir şey aydın oldu ki, bu qəlbi böyük xanımlarımızı bir-birindən ayırmaq mümkün deyil. Onların hər biri bizim üçün doğmadır, əzizdir, başımızın tacıdırlar…

Əziz şəhid anaları, şəhid xanımları, qarşınızda baş əyirik! Bayramınız mübarək olsun deyirik! Qoy ölkəmizdə bundan sonra yalnız sülh, əmin-amanlıq hökm sürsün. Bir daha analarımızın gözündə yaş, ürəyində qübar yer almasın.

Gələcəyimizi quranlar…

Ulu öndər Heydər Əliyev “Təhsil millətin gələcəyidir” deyirdi. Elmin, təhsilin gənc nəslin inkişafında qadınların yeri və əhəmiyyəti böyükdür. Tarixən Azərbaycan qadını gənclərin savadlı olmasında, təlim-tərbiyəsində xüsusi rol oynayıb. Müəllimi həmişə ikinci valideyn bilmişik. Maraqlıdır ki, bu sahəyə daha çox qadınlarımız meyl edir. Ona görə də müəllim deyərkən gözümüz önünə həm də qayğıkeş, şagirdlərinin, övladlarının dəcəlliyinə göz yumaraq yenə də onları öyrətməyə, həyata hazırlamağa can atan ana obrazı gəlir.

Təhsilimizin inkişafından, müəllimlərdən danışarkən Ağcabədinin adını qürurla çəkə bilərik. Çünki bu sahədə yetəri qədər əmək sərf etmiş təhsil memarlarımız var. Onların bu əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən qiymətləndirilib və fəxri adlar, medallar, döş nişanları ilə təltif ediliblər.

Həyatımızın hər anında yanımızda olan, bizi gələcəyə hazırlayan, təhsilimizə böyük töhfələr verən və zaman-zaman zəhməti dəyərləndirilərək  “Əməkdar” müəllim, “Tərəqqi” medalı və “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunan qadınlarımızın siyahısını təqdim etməyi özümüzə borc bildik:

“Əməkdar müəllim” fəxri adını daşıyan qadınlar

İbrahimova Zəhra Hüseyn qızı

Abbasova Mirvari Şirin qızı

Əliyeva Həcər Əlinağı qızı

Quliyeva Alagöz Əsgər qızı

Mirzəliyeva Həqiqət Mirzəli qızı

Əliyeva Təranə Alı qızı

Qarayeva Fatma Heydar qızı

Muradova Rəna Səməd qızı

“Tərəqqi” medalı alanlar

Niftalıyeva Arzu Niftalı qızı

Novruzova Xavər Məmməd qız

Muradova Rəna Səməd qızı

Əliyeva Yeganə Əyyub qızı

Rəhimova Ceyhunə Vaqif qızı

Abdullayeva Səbirə Abdulla qızı

“Qabaqcıl Təhsil işçisi” döş nişanına layiq görülənlər

Əliyeva Firəngiz Kamal qızı

Mirzəliyeva Həqiqət Mirzəli qızı

Əliyeva Təranə Alı qızı

Şirinova Şəlalə Əhliman qızı

Əsgərova Afaq Təhməz qızı

Kiçik bir xatırlatma etmək istəyirik ki, 2018-ci ildə II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərdən Arzu Məmmədzadə (700 bal), 2022-ci ildə I ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edən Nərmin Sadıqlı da ağcabədi müəllimlərinin yetirmələridir.

Qadın təmizlik, gözəllik deməkdir…

Əvvəldə də qeyd etdiyimiz kimi, bu həyatda qadınların üzərinə böyük məsuliyyətlər düşür. Qadın gözəllik, təmizlik deməkdir. Çünki bu təmizliyi yaradan, dünyamızı gözəlləşdirən məhz qadınlardır. Buna hər gün və hər yerdə – evdə, işdə, yolda şahid oluruq. Elə gecə-gündüz şəhərimizin təmizliyinə çalışan qadınları misal çəkək. Biz hələ şirin yuxuda ikən, gün doğmadan evdən çıxan bu xanımlar şəhərin küçə və prospektlərinin, parkların, yolların təmizliyi üçün əllərindən gələni edirlər. İsti-soyuq demədən işlərinin öhdəsindən layiqincə gəlirlər. Şəhərimizin təmizliyini öz həyəti, öz evi imiş kimi qoruyan, gözəllik yaradan əziz xanımlar, bu gün sizin gününüzdür. Ömrünüz uzun, üzünüz gülər olsun hər zaman.

Əziz və dəyərli xanımlar, hər birinizi   8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, sizə uzun ömür, can sağlığı arzulayırıq!

Hazırladı: Rəmziyyə Həsənova

Şərhlər