Bayramınız mübarək!

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə böyük ehtiramla uca tutulub. Azərbaycan qadını bütün zamanlarda öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında əvəzsiz xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onların adı ilə bağlı olub. Azərbaycan xanımı dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ölkəmizdə qadına daim böyük hörmət bəslənmiş, ana həmişə müqəddəs, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Bəşəriyyət tarixinin ən əlamətdar günlərindən biri olan 8 Mart – Beynəlxalq Qadınlar Günü bayram kimi hər il dünya ölkələrində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş xanımlar bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edib.

Ulu öndər Heydər Əliyev də qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ümummilli lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verərək, lider qadınlar yetişdirdi.

Sonra bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə qadınların cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Ölkədə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirildi.

Vətən müharibəsindən sonra Azərbaycan qadınları bu bayramı daha qürurla və fəxr hissi ilə qeyd edir. Çünki onların sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. Bu gün biz qəhrəman oğullarımıza nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analarımıza borcluyuq.

Təkcə bu gün yox, heç zaman üzünüzdən təbəssüm, gözünüzdən sevinc hissi əskik olmasın, əziz qadınlar! İslam peyğəmbərimizin gözəl bir kəlamı var. “Qadınlar bizlərə Allahın əmanəti”dir. Gəlin əmanətimizi qorumağı bacaraq.

Əziz xanımlar, bayramınız mübarək!

Hüseyn Quluzadə

Şərhlər