Azərbaycanda maliyyə və mühasibatlıq sahələri üzrə peşəkarlar üçün trendlər – tədbir

Dövlət İmtahan Mərkəzi (DİM) ACCA və Auditorlar Palatası ilə birgə “Azərbaycanda maliyyə və mühasibatlıq sahələri üzrə peşəkarlar üçün trendlər” mövzusunda tədbir keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar Mərkəzdə ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Onlara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, eyni zamanda, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mühasibat uçotu və audit sahəsi üzrə yüksək maliyyə savadlılığına malik kadrların yetişdirilməsinə töhfə verməyin DİM-in məqsədləri sırasına daxil olduğunu vurğulayıb. Sədr, eyni zamanda, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları, tədris mərkəzləri və ali təhsil müəssisələri ilə əməkdaşlığının mütəxəssislərə sahə üzrə yeniliklər və dəyişikliklərdən zamanında xəbərdar olmağa, eləcə də yenilənən və rəqabətli əmək bazarının tələblərini daim ödəməyə imkan yaradacağını bildirib. O, həmçinin PMS imtahanlarının Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) standartlarına uyğunlaşdırılması üçün ACCA ilə sıx əməkdaşlığın önəmini qeyd edib.

Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev gənc nəslin karyera istəklərinin müəyyənləşdirilməsi nəticəsində maliyyə, audit, mühasibatlıq sahələrində kadrların yetişməsinin əhəmiyyətindən danışıb. O, həmçinin ölkədə hesabatlılığın və şəffaflığın təmin edilməsində, maliyyə resurslarından daha səmərəli istifadə edilməsində və ölkə iqtisadiyyatının investisiya cəlbediciliyinin artırılmasında beynəlxalq standartların tətbiqinin əhəmiyyətindən bəhs edib.

Daha sonra Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva peşəkar mühasib sertifikatının əldə edilməsi, peşəkar mühasiblər təbəqəsinin yaradılmasının bu sahənin daim inkişaf etdirilməsi üçün nəzərdə tutulduğunu bildirib. O, bu gün peşəkar mühasib sertifikatının əldə edilməsi ilə bağlı imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərin sayının artmasının mühasiblərin həqiqətən də öz üzərində işləməsi, bilik və bacarıqlarının artırılmasının göstəricisi olduğunu diqqətə çatdırıb.

Tədbirdə ACCA-in Türkiyə bölməsinin biznesin inkişafı üzrə meneceri Ülgen Coşkun Kıymık ACCA-in 2023-cü il qlobal istedadlar trendi üzrə apardığı tədqiqatın nəticələri barədə ətraflı məlumatı auditoriya ilə paylaşıb. Qeyd edək ki, Azərbaycanın da arasında olduğu 148 ölkədən 8405 mühasibin iştirak etdiyi tədqiqatda Azərbaycan iştirakçıların aktivliyinə görə 5-ci yerə çıxıb.

DİM-in Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorunun əməkdaşı Emil Əliyev PMS imtahanları ilə əlaqədar ümumi məlumatı və statistik göstəriciləri təqdim edib.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Onu da qeyd edək ki, DİM və ACCA arasında qurulan uğurlu əməkdaşlıq nəticəsində peşəkar mühasib sertifikatının (PMS) ACCA tərəfindən akkreditasiyasının başlanması ilə əlaqədar ilkin razılıq əldə olunub.

Şərhlər