YAP Ağcabədi rayon təşkilatı tərəfindən martın 9-da “Heydər Əliyev ili”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransdan əvvəl iştirakçılar Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan təşkilatın sədri Rövşən Əhmədov ulu öndərimizin ölməz irsi, fəaliyyəti haqqında geniş məlumat verib. O, bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
Konfransda Milli Məclisin deputatı, Aqrar siyasət məsələlər komitəsinin sədri Tahir Rzayev “Heydər Əliyevin aqrar siyasət xətti inkişafdadır” mövzusunda məruzə edib. O, demişdir ki, Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının idarə edilməsində də zəngin biliyə və təşkilatçılığa malik idi. O, yaxşı bilirdi ki, torpağı əsl sahibinə – kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək mümkün deyildir. Məhz dahi rəhbərin uzaqgörənliyi sayəsində Azərbaycanda torpaq islahatı şəffaf, ədalətli şəkildə həyata keçirildi. Müdrik rəhbərin həyata keçirdiyi aqrar islahat inqilabi gediş idi və hazırda kənd təsərrüfatı sahələrində əldə olunan nəticələr islahatın əhəmiyyətini bir daha sübut edir.
Sonra YAP 5 saylı Ərazi partiya təşkilatının sədri Fəridə Allahverdiyeva, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinn sədri İbrahim Həsənov və başqaları çıxışlarında qeyd ediblər ki, bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Çıxış edənlər qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Görüşün yekununda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.









Hüseyn Quluzadə