Üç il öncə Prezident seçkilərindən sonra elan olunmuş əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi Milli Məclisin tərkibinin yenidən formalaşmasını zəruri etmişdir. Bununla əlaqədar Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Milli Məclisin Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin edilmişdir. 2020-ci il fevralın 9-da demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmışdır.
Beləliklə, Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisi fəaliyyətə başladı və martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Ölkə prezidenti İlham Əliyev bu iclasda iştirak edirdi. Altıncı çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqində bütün sahələrlə yanaşı gənclər siyasətinə də xüsusi yer ayırması ölkəmizdə gəncliyə verilən önəmin əyani təzahürü idi.
Dövlət başçısı çıxışında gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edərək, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməsinin zəruriliyini qeyd etdi. Milli Məclis və onun müvafiq komitələrinin bu işlə məşğul olub konkret təkliflər irəli sürmələrini tövsiyə etdi.
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də gənc nəslin nümayəndələrinə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır.
Dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin qabaqcıl qüvvəsinə çevirir, üstəlik gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.
Azərbaycanın gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da gənclərimizin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.
Bugünkü gənclik indi özlərini müstəqil və güclü dövlətin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun, vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri