Bu gün Beynəlxalq Çaylar Günüdür

14 Mart – Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günüdür. Həmin ekoloji təqvim 1998-ci ildə təsis edilib. Bu gün dünyada Bəndlər əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi də tanınır.

 “Aran” xəbər verir ki, bu günün qeyd edilməsi təşəbbüsü ilk dəfə ABŞ-ın Kaliforniya ştatında yerləşən “Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən irəli sürülüb.

Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir. Fəalların çay hövzələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı addımlar sırasında ABŞ-da 60 metr hündürlüyündə iki bəndin sökülməsini və İsveçdə 15 metrdən hündür bəndin tikilməsinə qadağa qoyulması haqqında qanunun qəbul edilməsini nümunə göstərmək olar.

Beynəlxalq Çaylar Gününün devizi “Çaylar, su və həyat üçün!”dür.

Azərbaycan Respublikasının çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500 kilometr, 324 çayın uzunluğu 11-100 kilometr arasında dəyişir, əksər çayların uzunluğu isə 10 kilometrdən azdır. Ölkədə mövcud olan çaylar Xəzər dənizi hövzəsinə aiddir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur. Azərbaycan adambaşına düşən suyun həcminə görə 90-cı yerlərdən birini tutur. Ölkəmiz su ehtiyatlarını görə isə 140-cı yerdə qərarlaşıb. Su ehtiyatlarımızın az olması ilə yanaşı, proqnozlar da ürəkaçan deyil. Son otuz ildə həm iqlim dəyişmələri, həm də antropogen təsirlər nəticəsində su ehtiyatlarımız 15-20 faiz azalıb. 2050-ci ilə qədər isə su resurslarımızın daha 15-20 faiz azalacağı proqnozlaşdırılır. Proqnozlar bizi məcbur edir ki, mövcud su ehtiyatlarımızdan səmərəli istifadə etməklə əhalinin, fermerlərin suya əlçatanlığını təmin edək. Ən ümdə məsələ məsuliyyətli su istehlakçısı formatında işlərin davam etdirilməsidir. Burada suya qənaətə imkan verən texnologiyaların tətbiqi ilə su təsərrüfatı sahəsində itkilərin aradan qaldırılması da vacibdir

İşğaldan azad olunmuş ərazilərimiz həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngin bölgədir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz işğaldan azad olunan ərazilərin payına düşür.

Azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə çaylarda da monitorinqlər aparılır. Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsi nəticəsində çaydan götürülən su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib. Hazırda monitorinqlər davam edir. Dəfələrlə beynəlxalq ictimaiyyətə bununla bağlı müraciətlər edilsə də, təəssüf ki, nüfuzlu təşkilatlar Ermənistanın ekoloji terroruna heç bir reaksiya vermir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər