Azərbaycanda 2 ayda 80 mindən çox daşınmaz əmlaka çıxarış verilib

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.

2 aylıq qeydiyyatın 13 613-ü və yaxud 17 %-i ilkin, 66 661-i və yaxud 83 %-i isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 16,5 % və 72,6 % çoxdur.

Hesabat dövründə mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.

Son 1 ildə torpaq sahələrinin ilkin qeydiyyatı 3,1% artaraq 5 847 olub.

Bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 % artım deməkdir.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 22,8% artaraq 12 102 olub.

Şərhlər