Yazın başlanması şərəfinə keçirilən Novruz bayramı xalqımızın geniş şəkildə qeyd etdiyi bayramlardandır. Ümimilikdə ölkəmizdə bu bayramın necə qeyd olunması ilə bağlı məlumatlısınız. Amma bu bayram bölgələrimizdə də bir az fərqli əlavələrlə qeyd olunur. Məsələn, tələbə olarkən bir neçə otaq yoldaşım var idi ki, onlar ümumiyyətlə qovurğanın nə olduğunu bilmirdilər. Bayram günlərində anamın mənə göndərdiyi qovurğaya baxıb hətta gülürdülər ki, buğdanı toyuğa verərlər, siz onu necə yeyirsiniz? O vaxtadək mən elə bilirdim ki, bütün Azərbaycanda Novruz bayramı ərəfəsində qovurğa qovrulur.
Novruzu geridə qoyan çərşənbə. Bütün bölgələrimizdəki kimi, Ağcabədidə də bu bayrama xüsusi şəkildə hazırlaşırlar. Novruz bayramına qədər dörd çərşənbə fərqli adlarla qeyd olunur və bu çərşənbələrdə şər qarışanda tonqal çatılır. Amma yel, su, od çərşənbələrindən fərqli olaraq, rayonumuzda torpaq çərşənbəsi – İlaxır çərşənbə fərqli, hətta Novruz bayramından daha təntənəli şəkildə qeyd olunur. Yəni həmin gün üçün artıq səməni göyərdilmiş olur, yumurtalar boyanır, qovurğa qovrulur, şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanır, lobyalı plov dəmlənir. Doğrusu, bu çərşənbədə lobyalı aşın hazırlandığını məhz son zamanlar öyrənmişəm. Çünki mənim ağlım kəsəndən evimizdə bu çərşənbədə qaralı aş dəmlənib və sonralar ətrafımda olan insanların da bu cür hazırladıqlarını görmüşəm. Amma sən demə, bir çox ailələrdə ta əvvəllərdən həmin gün lobyalı aşın dəmlənməsi dəyişməz adət kimi qalır. Və buradan da belə nəticəyə gəlmək olar ki, hansı ailələr İlaxır çərşənbəni xüsusi şəkildə qeyd edir, məhz onlar qaralı aşı həmin gün dəmləyir. Hansı ailələr ki İlaxır çərşənbədən sonra Novruz bayramına da xüsusi şəkildə hazırlaşır, onlar çərşənbədə lobyalı, Novruz bayramında isə qaralı aş hazırlayırlar.
Digər çərşənbələrdə tonqal qalanması bəzən icra olunmasa da İlaxır çərşənbədə bu, mütləq həyata keçirilir, ailənin bütün üzvləri tonqalın ətrafına toplaşır, “Ağırlığım, uğurluğum odlara” deyərək odun üstündən bir neçə dəfə atdanırlar. Yadımdadır, biz uşaq olanda gözləyirdik ki, tonqal sönsün, köz qalsın. Bundan sonra bir neçə kartofu közə basdırardıq. Təsəvvür edin, həmin gün evdə nə qədər təam olur-olsun, biz uşaqlar məhz bu kartofları daha iştahla, həvəslə nuş edərdik.
Şalsallama, papaqatdı, Ağcabədidə isə torba atmaq. Əvvəllər ilaxır çərşənbə gecəsinə öncədən xüsusi hazırlaşan gənclər özləri hazırladıqları fişəngləri partladar, payaların başına neftə batırılmış parçalar dolayaraq yandırar, torba atmağa gedərkən öz başlarına kapron corab keçirər, qadın geyimləri geynərdilər ki, tanınmasınlar. Xüsusi geyimləri əsasən yeniyetmə və gənclər geyinərdilər və rahatlıqla sevdikləri qızın ailəsinə gedər, torba atar, üzləri tanınmadığı üçün həmin ailənin üzvlərinə görünməkdən çəkinməz, səslərini dəyişib hələ onları təbrik də edərdilər. Həmin gün bu cəsarətə görə qızın atası, qardaşı tərəfindən əzişdirilmək ehtimalı da olmurdu. Torba atmaq demişkən, İlaxır çərşənbənin gənclər və uşaqlar üçün ən maraqlı tərəflərindən biri də papaqatmadır. Daha doğrusu, Ağcabədidə buna torba atmaq deyirlər. Bunun üçün analar, böyük bacılar uşaqlara kiçik torbalar tikib hazırlayırlar. Torba atanlar hər hansı bir evə gedərkən torbanı qapının ağzına qoyub sonra qapını döyərək qaçıb gizlənirlər. Ev sahibi torbaları pünhanca götürür, içinə şirniyyat, qovurğa, meyvə, çərəz yığaraq əvvəlki yerinə qoyur. Qapı örtülüb ev yiyəsi içəri girəndən sonra torba atanlar gizləndikləri yerdən çıxıb paylarını götürərək qaçırlar. Torba atan şəxs ev yiyəsinə çox yaxın adam olduqda torbanı götürdükdən sonra təkrar qapını döyür, özünü göstərir, qohumları ilə bayramlaşıb sonra gedir.
Yumurta döyüşdürmək uşaqlar arasında hələ də ən sevilən ənənlərdəndir. Əvvəllər analar soğan qabığının, quru lobyanın suyu və digər vasitələrlə yumurtaları qırmızı boyayardılar. İndi mağazalarda artıq hər rəngdə boyalar var və bunlardan daha çox istifadə olunur. Bayramda uşaqlar boyanmış yumurtaları döyüşdürər, kimdəki yumurta sınar, əzilərsə o, uduzmuş sayılar və həmin yumurtanı qalib gələnə verər. Bəzən bir nəfər bu vasitə ilə 10-15 əzilmiş yumurtaya sahib olar. Əlbəttə, onun əldə etdiyi yumurtalar istifadə olunmur, sadəcə qalibiyyət, qənimət əldə etmək sevinci bayram əhvalına daha da xoş ovqat qatır.
Fala inanma, faldan da qalma.Qulaq falına çıxmaq İlaxır çərşənbənin hələ də yaşayan adətlərindəndir. Həmin gün axşamüstü ürəyində bir niyyət tutub qulağını əlləri ilə qayan şəxs qonşu qapısını sakitcə pusur. Əlini qulağından çəkərkən eşitdiyi ilk söz nə olarsa, niyyətinin həyata keçib – keçməyəcəyini də ona uyğun yozur. Odur ki, ilaxır çərşənbə axşamı hər kəs evdə uca səslə, alqış dolu xoş sözlər işlətməyə çalışar. Uşaqlar süpürləşəndə, səs-küy salanda da məhz ağbirçəklər, analar yavaşca onlara sus işarəsi verər, qapıların pusulduğunu onlara xatırladarlar.
Bayram bitər, aş bitməz. Adət-ənənənələrimizlə bağlı materiallar toplayarkən məni çoxdan maraqlandıran bir sualı da yaşlı nəslin nümayəndələrinə ünvanladım. Yəni sualım bu idi ki, İlaxır çərşənbədə, Novruz bayramında niyə plovu normadan çox dəmləyirlər? Bu israfçılıq deyilmi? Axı həmin plov günlərlə süfrəyə “gəlib – qayıdır”. Sən demə burada da bir gözəl məqsəd var imiş. Yəni aldığım cavablardan bəlli oldu ki, Novruz bayramında hər kəs bir-birinə, xüsusilə imkansız ailələrə öz evində hazırlanmış təamlardan mütləq pay verərmiş. Bundan əlavə, hansı ailədə hüzr düşübsə və vəfat edənin ili çıxmayıbsa, həmin ailələrə də bayram payı – şirniyyatlar, meyvələr və hazırlanan xörəklərdən sovqat aparırmışlar. Buna görə də, plov dəmlənərkən böyük qazanlardan istifadə olunurmuş. Əslində bu gün də həmin ənənə yaşayır. Əsasən hüzr yeri düşən, həmçinin imkansız ailələrə bayram günü hazırlanan nə təam varsa, ondan pay aparılır. Amma üstündən nə qədər pay verilsə belə, iri qazanlarda dəmlənən plov bitmir və bayramdan sonra süfrələrdə 3-4 gün hərlənməli olur. Bu, xanımlara sərf edir, çünki xörək hazırlamaqdan canları qurtarır. Bəylər və uşaqlar isə sonunda plova qarşı “üsyan” etməli olurlar…
Novruz bayramı ərəfəsində ağcabədililər əvvəllər böyük qazanda hədik asardılar. Bu hədikdən qonum-qonşuya, qohum-əqrabaya pay verilərdi. Hazırda insanların vaxta qənaət etdiyi, qadınlarımızın işlədiyi, müxtəlif sahələrdə çalışdığı bir vaxtda xeyli zaman alan bu xörəyə maraq azalıb. Amma hələ də bu adəti yaşadanlar var. Ailədəki uşaq diş çıxaran zaman da hədik bişirilirməsi rayonumuzun adətlərindəndir.
Əvvəldə də qeyd etdiyim kimi, Ağcabədidə İlaxır çərşənbə Novruz bayramından daha təmtəraqla qeyd olunur. Təbii ki, Novruz bayramında da süfrə açılır, müxtəlif təamlar, şirniyyatlar düzülür, qohumlar bir-birini təbrik edir, amma İlaxır çərşənbədəki ab-hava o qədər də hiss olunmur.
Məhsəti MUSA