Heydər Əliyev və milli – mənəvi dəyərlərimiz

Hər bir xalqın,  millətin fərqli özünəməxsus  mənəvi  dəyərlər  sistemi mövcuddur. Yəni hər millətin öz dili, folkloru, mədəniyyət abidələri, ədəbiyyat və incəsənəti, musiqisi, elmi, düşüncə tərzi, adət-ənənələri, özünəməxsus ailə-məişət tərzi əsirlərdən-əsirlərə, nəsillərdən-nəsillərə ötürülərək, onun milli kimliyini müəyyən edən başlıca amilə çevrilir. Bu baxımdan Azərbaycan xalqı dünya xalqları arasında ən zəngin, milli dəyərlərə sahib olan və bu dəyərləri yaşadıb gələcək nəsillərə ötürən xalq kimi böyük mənəviyyatlı xalqlar sırasındadır.

Azərbaycan xalqının yetirdiyi böyük oğullar cərgəsində elə dühalar vardır ki, onlar həm milli, həm də bəşəri dəyərləri qoruyub saxlamaqla, onu zənginləşdirməklə və inkişaf etdirməklə müstəsna xidmətlər göstərmişlər.

Bu gün xalqımızın fəxrlə ulu öndər adlandırdığı Heydər Əliyevin həyatı və fəaliyyəti buna parlaq misaldır. Onun respublikamıza rəhbərlik  etdiyi illərdə mənəviyyatımız yenidən çiçəklənmə dövrünü yaşamışdır. Xüsusən Heydər Əliyevin birbaşa iradəsi ilə dilimizin dövlət dili kimi təsbit edilməsi, “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, folklorumuza, sənət adamlarına qayğı və diqqətin artırılması,  klassik və yazılı abidələrimiz öyrənilməsi, mədəniyyətimizin, mənəviyyatımızın YUNESKO səviyyəsində dünyada genişmiqyaslı təbliğı və  s xüsusi qiymətləndirilməyə, alqışlanmağa layiqdir.

Mənəvi həyatımızın bütün sahələrində olduğu kimi, folklorumuzun  zəngin və tükənməz xəzinəsi  də ümumilli lider Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı, öz çıxışlarında istifadə etdiyi, dərin ümumiləşdirmələr apardığı hüdudsuz bir mənbədir. Məhz buna görədir ki, o, folklorumuza, onun tükənməz qaynaqlarına məhəbbətlə yanaşır, xalqımızın bənzərsiz söz sənətinə daim qayğı göstərirdi.  

Mənəvi dəyərlərimizin bir atributu kimi hərtərəfli inkişaf etmiş, kamil gənclik tərbiyə etməyi zəruri hesab edən  Heydər Əliyev 18 fevral 1998-ci il tarixli nitqində Azərbaycan gəncliyinin səviyyəsi məsələsinə toxunaraq deyirdi: “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır.

Heydər Əliyevin nitqlərində mənəvi dəyər ölçüsü kimi özünü göstərən vətənpərvərlik həm də azərbaycançılıq şəklində təzahür edir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını vətəndaşın müqəddəs borc məsələsi kimi daim diqqət mərkəzində saxlayan  Heydər Əliyev dərin bir inamla 26 dekabr 2002-ci ildə dünya azərbaycanlılarına müraciətlə deyirdi. “Düşünürəm ki, xaricdə yaşayan soydaşlarımız həmişə ümumbəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcıları olacaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi vətənlə yaşadıqları ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi işinə əhəmiyyətli dərəcədə kömək göstərəcəklər.

 Azərbaycan dilinə və ədəbiyyatına münasibətdə də son dərəcə ciddi mövqe tutan  Heydər  Əliyev öz nitqlərində  xalqın varlığına şəhadət verən dil və ədəbiyyat faktoruna sevgisini açıqca etiraf edirdi. Öz xalqının böyüklüyünü fəxrlə uca kürsülərdən səsləndirən Heydər Əliyev dövrünün görkəmli ədəbiyyat və incəsənət, elm xadimlərinin əhatəsində xarici səfərlərə çıxmaqla Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdi.

10 noyabr 2001- ci il tarixdə Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında:  “ 70 il məcburən Sovet ittifaqına daxil olmuşuq. Buna məcbur idik… Ən böyük nailliyətimiz ondan ibarətdir ki,  bu 70 il müddətində biz milliliyimizi qoruyub saxlaya bildik. Yəni dilimizi qoruyub saxlaya bildik .

M.Füzulinin 500 (2 noyabr 1994), C.Məmmədquluzadənin 125 (20 dekabr 1994), Məqsud İbrahimbəyovun 60 (14 may 1995), “Kitabi – Dədə Qorqud”un 1300 (11 aprel 2000), “Əkinci” qəzetinin 120 (21 iyul 1995), vokal sənətimizin banisi Bülbülün 100 (3 dekabr 1997),  Azərbaycan teatrının 125 (27 avqust 1998) illik yubleylərində Heydər Əliyevin etdiyi nitqlər onun ədəbiyyatımıza, mətbuatımıza,  musiqimizə və teatrımıza necə böyük qayğı və sevgi ilə yanaşdığını əyani şəkildə sübut edir.

Adət – ənənələrimizə, mərasim və bayramlarımıza həssaslıqla yanaşan Heydər Əliyev daha bir həqiqəti də  21 mart 1996-cı il tarixli nitqində  açıq etriaf etmişdi. “ Ola bilər ki, dövlət bayramını kimsə bir bayram kimi qəbul etsin, amma qəlbində ona başqa bir münasibət göstərsin. Ola bilər ki, bir ümumdünya bayramına da kimsə başqa bir münasibət göstərsin.  Ancaq  Novruz bayramı hər bir azərbaycanlı üçün demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır” .

Göründüyü kimi Ulu öndər Novruz bayramını mənəvi dəyərlərimizə sədaqət və ehtiram kimi qiymətləndirmişdir. Hər il Novruz  bayramı münasibətilə xalqımızı təbrik edən Heydər Əliyev bu bayramı  xalq ruhunun təntənəsi kimi qeyd etmiş, tarixən çox qədim olan Novruz atributlarının nəsildən-nəsilə, əsrdən-əsrə keçərək məşəqqətlərə, işğallara, müharibələrə baxmayaraq bu günümüzə gəlib çatdığını böyük iftixar hissi ilə söyləmişdir.

Xalqımızın dini heysiyyətinin təntənəsi kimi hər il qeyd edilən Ramazan bayramı münasibətilə də xalqımızı təbrik edən Heydər Əliyev məsələnin mahiyyətinə daha dərindən yanaşmış, 12 iyul 1994-cu ildə  Mədinə şəhərindəki peyğəmbər məscidini ziyarət edərkən onun şərəf kitabına “Müqəddəs islam abidələrini ziyarət edərkən dinimizin elmi, fəlsəfi dərinliyini hiss edirsən”  sözlərini yazmış, sonrakı dövrlərdə dini həmrəyliyin əhəmiyyətini dəfələrlə qeyd etmişdir.

Bibiheybət məscidinin bərpasına göstərdiyi qayğı, Mingəçevir məscid kompleksinin açılışındakı nitqi ulu öndərin dini-mənəvi dəyərlərə verdiyi qiymətin təzahürü idi.

Hələ sovetlər birliyi dövründə Heydər Əliyev totalitar rejimin sərt qayda-qanunlarına baxmayaraq  milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edir,  xalqımızın mədəni irsinin çiçəklənməsinə çalışırdı. Onun hakimiyyətda olduğu birinci dönəmdə 1969-1982-ci illərdə Azərbaycan xalq ədəbiyyatı ilə bağlı həyata keçirilən bir sıra tədbirlər, imzaladığı fərman və sərəncamlar, qaldırdığı təşəbbüslər, bir ali məqsədə – Azərbaycan xalqının mənəvi sərvətinin qorunmasına, bütün dünyada tanınmasına xidmət edirdi. Bu ali məqsədlərdən biri də  ulu öndərin Azərbaycan aşıq sənətinə göstərdiyi qayğıdır.  Aşıq Ələsgərin 150 (1972), 175(1996), 180(2001) illik yubleylərinin keçirilməsi, ustad sənətkarın əsərlərinin xarici ölkə xalqlarının dillərinə tərcümə edilməsi, onun ədəbi irsinin ən mükəmməl şəkildə tərcümə və s. Ulu öndərin Aşıq Ələsgər sənətinə, bütövlükdə Azərbaycan aşıq yaradıcılığına göstərdiyi qayğı və məhəbbətin parlaq ifadəsi idi.

Azərbaycan  xalq  ədəbiyyatının toplanması, nəşri, təbliği və tədqiqi sahəsində aparılan çalışmaları  daha da  sürətləndirmək  və inkişaf etdirmək  üçün AMEA-Nizami adına Ədəbiyyat institutu nəzdində 1994-cü ildə Folklor Elmi-Mədəni Mərkəzin yaradılması və bu mərkəzin 2003-cü ildən müstəqil İnstitut kimi fəaliyyət göstərməsi ulu öndərin folklorumuza olan diqqət və qayğısının yeni və parlaq təzahürü idi.

Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi  qayğı  və diqqət təkcə sadaladığımız,  xatırladıqlarımızla məhdudlaşmır. Muğamlarımızdan, musiqimizdən, tarixi-memarlıq abidələrimizdən tutmuş milli bayramlarımıza , adət-ənənələrimizə, etnoqrafiyamıza , dilimizə, dinimizə,  elmimizə, ədəbiyyatımıza, təhsilimizə, gənclərimizin təlim-tərbiyəsinədək  mədəni-mənəvi aləmimizin bütün sahələri onun daim diqqət mərkəzində , qayğı və himayəsində  olmuşdur.

Sonsuz qürur hissi ilə “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyə dünyaya səslənən bu böyük şəxsiyyət bütün varlığı ilə doğma xalqının milli-mənəvi dəyərələrinə bağlı idi. Qeyd etdiyimiz kimi bütövlükdə, milli-mənəvi dəyərlərimiz Heydər Əliyev dövlətçilik ideologiyasının, Heydər Əliyev siyasi kursunun əsas prioritet istiqamətindən olmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu xətt uğurla davam etdirilməkdədir.

Vaqif ALLAHVERDİYEV

                                                                ADPU-nun Ağcabədi  filialının dosenti

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər