Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə iqtisadi, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən dövlət başçısı bildirib ki, ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi.
Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.
Son iyirmi ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub.
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur.
Prezident onu da qeyd edib ki, bir ildən az vaxt olar ki, Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir.
Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq.
Enerji satışından əldə etdiyimiz vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görülüb. Bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən sözügedən hədəfə nail olmuşuq.
Əlavə maliyyə vəsaitləri ayrılır ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar.
Ölkə başçısı işğaldan azad edilən ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq işlərindən də danışıb. Bildirilib ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib.
“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.
Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur.
Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır.
BP Qarabağın azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunacaq həmin enerji bizim enerji sistemimizə daxil ediləcək.
SOCAR dənizdəki platformalarımıza elektrik kabellər çəkir ki, orada fəaliyyət üçün təbii qazdan istifadə olunmasın. Onlar yaşıl enerjidən istifadə edəcək və platformalarda əvvəlcə elektrik stansiyalarında istifadə olunan qaz sahilə nəql olunacaq və həmçinin Avropaya çatdırılacaq.
“Uniper” ilə alış və satış müqaviləsi müddəti baxımından ən uzun müqavilələrdən biridir. Müqavilənin vaxtı 2045-ci ildə bitir. Sonra, ola bilsin, onun müddəti artırılacaq, çünki Avropaya təbii qazın çatdırılması ilə bağlı planlarımız həmin vaxtla məhdudlaşmayacaq.
Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır.
Layihələrin enerji potensialı 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır.Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır.
Günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir.
Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq.
Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var.
Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək.
Müzakirə edəcəyimiz məsələlərdən biri də Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi olacaq.
Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq.
Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində limanların texniki imkanları genişlənməli olacaq.
Qarabağda iki sənaye zonası mövcuddur – Ağdam və Cəbrayılda. Orada artıq müəyyən avadanlığın istehsalı ilə bağlı tikinti işləri gedir. Bu, hər baxımdan əlverişlidir, çünki “Claas” şirkətinin traktor və kombaynları Azərbaycanda çox populyardır. Burada potensial böyükdür, çünki həmin bölgələrdə geniş kənd təsərrüfatı fəaliyyəti olacaq.
Azərbaycan Prezidenti çıxışı zamanı kənd təsərrüfatı məhsullarının istehasalı məsələsinə də toxunub. Tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq.
Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq.
Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur. Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir.
Prezident İlham Əliyevin martın 14- də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxış edib.
Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və bu səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir.
Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir.
2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilibsə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq.
Almaniya biznesi tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var.
Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuş, qaçqın-köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.
Vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsi 2020-ci il noyabrın 8-də Şuşada qoyuldu.
Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır.
Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Ölkəmizin qaz ixracatı təkcə Avropa məkanı ilə məhdudlaşmır.
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun mətbuat konfransında söylədiyi fikirlər:
“Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir”.
“Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik”
“Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir”.
“Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.”
“Aran”

