Ordan axan arxdımı?
Üzündə duvaxdımı?
Novruz gəlib yetişdi,
Ayrı duran vaxtdımı?!
***
Mən aşiq ahar oldu,
Səhər yox, nahar oldu,
Qışın əhdini kəsən
Çiçəkli bahar oldu.
***
Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdı.
***
Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Məşələrdə, bağlarda
Novruzgülü açıbdı.
***
Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu,
Novruz bayramı gəldi,
Gece-gündüz tən oldu.
***
Mən aşiq xoşa gəldi,
Oxudu coşa gəldi.
Sevimli bahar fəsli
Novruzla qoşa gəldi.
Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.
Gün adı Qodu oldu,
Bir adı Dodu oldu,
Novruzda çərşənbənin
Tonqalı, odu oldu.
Beldən açdım qəməni,
Suladım bağ-çəməni,
Novruzun nişanəsi
Səmənidi, səməni.
Mən aşiqəm alışar,
Zəhmət çəkər, çalışar.
Novruz günü gələndə
Küsülülər barışar.
Mən aşiqəm üzülər,
Qara gözlər süzülər,
Novruzun süfrəsinə
Yeddi nemət düzülər.
Atı çapdım cilovla,
Balıq tutdum tilovla,
Açdım Novruz süfrəsin,
Bayram keçdi plovla.
Uca dağın qaşı var,
Ətəyində daşı var.
Novruzun süfrəsində
Zəfəranlı aşı var.