Almaniyanın “TV Berlin” kanalı Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayevdən müsahibə götürüb.
“Aran” xəbər verir ki, aparıcısı tanınmış jurnalist Evald Köniq olan “Diplo International” proqramında yayımlanan müsahibədə N.Ağayev Azərbaycanın yerləşdiyi region, qonşuları, tarixi İpək yolunun üzərindəki mövqeyi barədə ətraflı məlumat verib. Bildirilib ki, sivilizasiyaların kəsişməsində yerləşməsi Azərbaycanın demoqrafik vəziyyətinə, ölkədə tarixən multikulturalizm mühitinin formalaşmasına müsbət təsirini göstərib. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dinə və etnik mənsubiyyətə mənsub insanlar, o cümlədən xristian və yəhudilər dinc və mehriban şəraitdə yaşayır, habelə dini ibadətlərini sərbəst şəkildə icra edirlər.
Azərbaycanın müstəqilliyin ilk illərində ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyini və Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını vurğulayan səfir bütün çətinliklərə baxmayaraq, ölkəmizin son 30 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçərək, Cənubi Qafqazın ən güclü dövlətinə çevrildiyini söyləyib. Çətin regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın öz qonşuları ilə məhsuldar münasibətlər qurduğunu deyən səfir N.Ağayev diplomatiyamızın əsas hədəfinin müstəqilliyin daha da güclənməsi, bütün dövlətlərlə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında münasibətlərin qurulmasından ibarət olduğunu bildirib.
N. Ağayev Ermənistanın hərbi təcavüzü və işğal etdiyi ərazilərdə törətdiyi dəhşətli dağıntılar, apardığı etnik təmizləmə siyasəti, ərazilərin minalanması, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar prosesi, habelə Azərbaycanın Avropanın enerji təhükəsizliyinin təmin edilməsindəki rolu və sair barədə izləyiciləri ətraflı məlumatlandırıb.