Azərbaycan-Almaniya əməkdaşlığı yeni müstəvidə

Məlum olduğu kimi Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi əməkdaşlarından biri kimi ölkəmizlə əlaqələrin inkişafına daim mühüm diqqət yetirir. Ötən il fevralın 20-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Bu müddət ərzində Azərbaycanla Almaniya arasında  müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edib.

Azərbaycan və Almaniya arasında əlaqələrin dərin tarixi kökləri vardır. İki əsr əvvəl bir qrup etnik alman əhalisi Azərbaycana köçərək burada kənd təsərrüfatı və şərabçılıqla məşğul olmuşlar. Almanlar burada öz fəaliyyətlərini genişləndirmiş, Azərbaycanın bir sıra bölgələrində qəsəbələr və koloniyalar yaratmışlar. Həmin  almanların nəslindən indi də Azərbaycanda yaşayanlar vardır. Bu müddət ərzində  alman əhalisi ilə Azərbaycanlar arasında mehriban birgəyaşayış münasibətləri formalaşmış,  almanlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişlər. Almanların indiki Göygöl  rayon ərazisində tikdikləri dini və tarixi abidələr hələ də mövcuddur.

Azərbaycan ilə Almaniya arasındakı siyasi əlaqələr Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə başlanmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə ilk dəfə olaraq Almaniyaya  rəsmi səfərindən sonra daha da genişlənmişdir.

Dövlət başçısının martın 13-də  Almaniya Federativ Respublikasına növbəti işgüzar səfəri də mühüm siyasi və iqtisadi əhəmiyyəti ilə yadda qalmışdır.

Prezidentin səfəri çərçivəsində Almaniyanın böyük şirkətlərinin rəhbərləri ilə görüşü zamanı sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat, texnologiya, təhsil  və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə geniş dialoq aparılmış, mühüm razılaşmalar əldə edilmişdir.

Bu səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və yeni əməkdaşlığa yol açması baxımından çox böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində  Azərbaycan Prezidentinin həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşlər keçirilmişdir. Görüşlər zamanı ifadə edilmişdir ki,  Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda  lider mövqeyini, həmçinin, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.

Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə enerji sahəsində əməkdaşlığa dair ciddi fikir mübadiləsi aparılmış, xüsusən də, alternativ və bərpa olunan enerjinin istehsalı, nəql edilməsi və  yaşıl enerjiyə keçidin aktual məsələləri müzakirə edilmişdir.

Dünyada Beynəlxalq münasibətlərin gərgin olduğu bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb etdi.

            Nazim Bünyatov

            YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Şərhlər