28 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı “31 mart-Azərbaycanlıların Soyqırımı günü elan edilməsi barədə Ulu öndər Heydər Əliyevin verdiyi Fərmanın tarixi əhəmiyyəti” mövzusunda konfrans keçirib. Konfransda rayon təşkilatının, ərazi partiya təşkilatlarının əməkdaşları, YAP fəalları və yerli media nümayəndələri iştirak ediblər.
“Aran” xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatının konfrans zalında keçirilən konfransda öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq azərbaycanlıların soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırım və təcavüz siyasətinə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi və mühüm əhəmiyyət daşıdığını bildirib.
Konfransda YAP Ağcabədi rayon təşkilatının Qaradolaq ərazi partiya təşkilatının sədri Bayram İsmayılov, Sarvanlar ərazi partiya təşkilatının sədri Rəsmiyyə Allahverdiyeva, 6 saylı ərazi partiya təşkilatının sədri Nərminə Əkbərova çıxış edərək, ermənilər tərəfindən azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyaya məruz qalmalarını, doğma yurdlarından didərgin salınmalarını XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələri olduğunu qeyd edərək, bu hadisələrin səbəbkarlarına hiddət və nifrətlərini ifadə ediblər. Çıxışçılar hazırda Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində işğaldan azad olunan ərazilərdə sürətli abadlıq-quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb.
Hüseyn Quluzadə



