Azərbaycan xalqının qədim və tarixi köklərə söykənən bayramı olan Novruz bayramı yazın gəlişini özündə təcəssüm etdirir. Gecə və gündüz vaxtının bərabərləşməsi ilə müşayiət olunan bu bayram təbiətin oyanışını, yeni ilin başlanğıcı, bolluq, ruzi və bərəkət rəmzi kimi qeyd olunur.
Novruz Bayramı yer kürəsinin şimal yarımkürəsində bir çox xalqlar tərəfindən böyük təntənə və şənliklə qeyd edilir. Bu bayram təkcə Azərbaycanda deyil, Əfqanıstanda, Tacikistanda, o cümlədən bütün türkdilli xalqlar yaşayan ölkələrdə coşqu və sevinclə, ümumxalq bayramı kimi qeyd edilir.
Novruz bayramı 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyləri nəticəsində YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Novruz bayramı mənşəyi qədim tarixlərə gedib çatan bayramlardan biridir. Uzun müddət din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış, lakin buna heç vaxt nail ola bilməmişlər.
Novruz bayramından əvvəl dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur.
Birinci çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbə isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə küləyin hesabına əmələ gəlir. Tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı, indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Novruz bayramı ta qədimdən qeyd olunduğu üçün zaman keçdikcə yeni- yeni adətlər, inanclar əmələ gəlib və nəsildən nəsilə ötürülüb. Azərbaycanın müxtəlif bölgələrində Novruz bayramına aid fərqli adətlər mövcuddur. Lakin elə adət-ənənələr var ki, Azərbaycanın hər yerində həmişə icra olunur. Papaq atma, qulaq falı, üzük falı, tonqal qalamaq, tonqaldan tullanmaq, səməni əkmək, yumurta boyamaq, yumurta döyüşdürmək, qovurğa qovurmaq, qoğal, şəkərbura, paxlava bişirmək, novruz gecəsi süfrəyə plov qoymaq kimi adətlər hələ də qorunur.
Novruz bayramı həm də ona görə sevilən bayramdır ki, bu bayramda hamı kin-kudurəti unudur, küsülülər barışır. Qohum-əqraba, qonum-qonşu bir-birilə bayramlaşır.
Azərbaycanda heç vaxt başqa xalqlara və dinlərə məxsus insanlara fərq qoyulmayıb. Novruz bayramında başqa millət və xalqların nümayəndələrinə qarşı isti və səmimi münasibət bəslənmişdir. Novruz Bayramında həmin qonşulara bayram sovqatı göndərilir, evlərinə qonaq dəvət edilir, bir sözlə, özlərindən ayırmırlar.
Bütün bunlar Azərbaycan xalqının sülhsevər və tolerant bir xalq olduğunun sübutudur. Bu həqiqət Ulu öndərimiz Heydər Əliyevin vaxtilə söylədiyi bir kəlamda öz əksini çox aydın tapır. “Novruz Bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır,ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini