30 mart tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi Bayraq Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
“Aran” xəbər verir ki, konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının, Ağcabədi Pedaqoji kollecinin müəllim-tələbə heyəti, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil sektorunun əməkdaşları, elm xadimləri, Yeni Azərbaycan partiyası fəalları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Toplantı iştirakçıları ilk öncə Bayraq Muzeyinin foyesində Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunmuş Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto, rəsm və kitablardan ibarət sərgi ilə tanış olublar.
Konfrans ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.
Daha sonra tədbir Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də dövlətimizin müstəqilliyi, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon rəhbəri milli özünüdərk və Azərbaycançılıq məfkurəsinin formalaşmasında dahi liderin əvəzsiz xidmətindən ətraflı söz açıb.
Məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, onun yorulmaz siyasi fəaliyyətindən geniş söz açıb. Natiq bildirib ki, müasir, güclü Azərbaycanın qurulmasında, inkişaf etməsində dahi şəxsiyyətin misilsiz xidmətləri qədirbilən Azərbaycan xalqı tərəfindən həmişə yüksək qiymətlədirilib və Vətənini sevən hər kəsin yaddaşına ömürlük həkk olunub.
Məruzə ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin müdiri Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev, şəhər 5 saylı tam orta məktəbinin direktoru Fəridə Allahverdiyeva, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək Heydər Əliyev ideyalarının, uzaqgörən siyasətinin uğurlu bəhrəsi olaraq Azərbaycanın Avropa, eləcə də dünya arenasındakı hazırkı yüksək nüfuzundan və söz sahibi olmasından danışıblar. Çıxışçılar eyni zamanda bildiriblər ki, nə qədər ki, Azərbaycan xalqı var, insanlar tərəfindən dahi rəhbərə olan sonsuz sevgi və dərin ehtiram heç zaman azalmayacaq.
Sonda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov konfransın işini qənaətbəxş olduğunu vurğulayaraq iştirakçılara öz təşəkkürünü bildirib.





















Gündüz SEVİNDİK
Fotolar Mais İBRAHİMOVUNDUR