Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə Görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmişdir.
Sammiti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açaraq qonaqları salamlamış, bu Sammitin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilməsinə görə öz təşəkkürünü bildirmişdir.
Sammitdə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan türk İnvestisiyası Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etdi. Dövlət başçısı bu fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Zirvə toplantısında çıxış edərək qeyd edib ki, Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Əziz qardaşım, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Azərbaycan və türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini