İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığın təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Görülən işlər isə elektrik enerjisinə təlabatı artırır, infrastrukturun yenilənməsi və bərpasını gündəmə gətirir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri 330/110 kilovoltluq Cəbrayıl Enerji Qovşağının tikintisidir. Artıq qovşaqda işlərin böyük hissəsi görülüb.
Buna paralel olaraq Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330/110/10 kilovoltluq Ağcabədi yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.
Yarımstansiyanın inzibati binası təmir edilərək genişləndirilib. Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Mövcud yataqxana əsaslı təmir olunaraq yenidən qurulub. Gələcəkdə yarımstansiyaya ezam olunmuş mühəndis heyətinin yerləşməsi üçün şərait yaradılıb. Yarımstansiyanın özündə müasir avadanlıqlar quraşdırılıb. Tam istifadəyə verilən bu avadanlıqlar İsveçrənin ABB şirkətinin məhsullarıdır.
Hazırda 330 kilovoltluq Ağcabədi yarımstansiyasından Cəbrayıla 132 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri həyata keçirilir və yekunlaşmaq mərhələsindədir. Bu xətt tanker dayaqdan portala birləşdiriləcək. Birləşmədən sonra Ağcabədi yarımstansiyasından Cəbrayıl Enerji Qovşağına gərginlik veriləcək. Hər iki yarımstansiya may ayında istismara buraxılacaq.
Qeyd edək ki, bünövrəsi 2001-ci ildə qoyulmuş 330/110/10 kilovoltluq Ağcabədi yarımstansiyası 2003-cü ildə istifadəyə verilərək gərginlik altına qoşulub. Həmin dövrdə yarımstansiyada Almaniyanın “Siemens” şirkətinin avadanlıqları quraşdırılmışdı və onlar bugünədək qüsursuş işləyir. Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını fasiləsiz elekrtrik enerjisi ilə təmin edilməsində rol oynayır. Bundan başqa, Laçın obalarına və Şuşaya da elektrik enerjisi ötürülür.
330/110/10 kilovoltluq Ağcabədi yarımstansiyasında yenidənqurma işlərinin uğurla aparılması isə onun rolunu artırıb. May ayından Ağcabədi yarımstansiyası Mingəcevir və Şirvan QRES-lərdən aldığı elektrik enerjisini ötrücü xətlə Cəbrayıl Enerji Qovşağına ötürəcək. İnfrastruktur Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək, yaradılan meqa layihələrin tələbatını qarşılayacaq.
Pünhan ƏFƏNDİYEV,
“Xalq” qəzetinin bölgə müxbiri