Martın 31-də Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.
“Aran” xəbər verir ki, tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Aynur Babayeva, eləcə də kollecin müəllim və tələbə kollektivi iştirak edib.
Kollecin akt zalında təşkil olunan anım tədbirdə soyqırım qurbanlarının, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Ağcabədi Pedaqoji Kollecinin şöbə müdiri Şahin Rəhimov tədbirdə məruzə ilə çıxış edərək, ermənilərin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri insanlığa sığmayan vəhşiliklərindən ətraflı söz açıb.
Çıxış edən Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Bünyadov, Ağcabədi Pedaqoji Kollecinini direktor müavini Rövşən Bayramov, Kollecin şöbə müdiri Bəxtiyar Əliyev və başqaları qeyd ediblər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.
Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı” haqqında 1998-ci il 26 mart tarixli Sərəncamı soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi, bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Tarix heç nəyi unutmur. Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.


