Heydər Əliyev və azərbaycançılıq ideologiyası

Heydər Əliyev 100

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir.

Hələ sovet dövründə Azərbaycana yeni təyin olunan rəhbər olmaqla Heydər Əliyevin ilk addımlarından biri respublikada mənəviyyatın saflaşdırılması, təhsilin inkişaf etdirilməsi, mədəniyyət və əxlaq dəyərlərinin milli adət-ənənələrin təməli kimi qorunub saxlanması sahəsində işlərlə bağlı idi. Hələ o zamanlar sovetlər ittifaqı daxilində azərbaycançılıqla bağlı hər hansı bir fəaliyyətin aparılması çox təhlükəli idi. Lakin bu ideologiyanın təməlinin qoyulması istiqamətində Ulu Öndər kifayət qədər işlər görə bilmişdir. Məhz təməli o zamanlardan qoyulan fəaliyyətin nəticəsində müasir, müstəqil Azərbaycanın əsas mövcudluq ideologiyası yarandı. Belə ki, bəzi qonşu dövlətlərdən fərqli olaraq Azərbaycan öz zəngin multikultural ənənələri ilə fərqlənir. Bu baxımdan azərbaycançılıq ideologiyasının ölkəmizdə bərqərar olması, Azərbaycan türkləri ilə yanaşı yaşayan digər xalqları bir amal uğrunda – vahid Azərbaycan uğrunda birləşdirir. Məhz bunun sayəsində xalqımız 2020-ci ildə 44 günlük Vətən savaşında öz birliyini bir daha sübut edərək erməni-faşist qüvvələrinin başını əzdi, ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycançılıq məfkurəsinin formalaşması bu istiqamətdə qəbul edilmiş hər hansı bir qərardan asılı deyil, Heydər Əliyev kimi bir şəxsiyyətin yorulmadan həyata keçirdiyi fəaliyyətdən asılı olduğunun nəticəsi idi.

Azərbaycançılığın mühüm tərkib hissələrindən biri Azərbaycan dilidir, ona adekvat dövlət münasibətinin formalaşmasıdır.

Hər hansı bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Azərbaycan dilinin gözəl bilicisi və böyük təəssübkeşi olan Heydər Əliyev özünəməxsus müdrikliklə demişdir: “Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq, ona görə ki, ən çətin vaxtlarda dilimiz itməyib, yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda onu xalqımızın böyük şəxsiyyətləri yaşadıblar”. Bəli, dilin hərtərəfli inkişafı, zənginləşməsi, işlək və mütəhərrik hala gəlməsi, beynəlxalq səviyyəyə çıxması, nüfuz qazanması təkcə xalqdan asılı deyil. Burada bütün zamanlarda doğma dilin keşiyində duran, söz sərrafları kimi tanınan yaradıcı ziyalılar da öz-özlüyündə həlledici rol oynaya bilməzlər. Tarixin təcrübəsi dönə-dönə göstərmişdir ki, dilin inkişafı milli müstəqillik ideyaları, dövlətçilik ənənələri ilə, habelə bu ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən qüdrətli dövlət başçılarının, öz xalqlarının tarixinə islahatçı kimi daxil olmuş böyük siyasi liderlərin adı ilə sıx bağlıdır.

Azərbaycan rəhbərliyinin ilk günlərində əgər ulu öndər respublikada mənəviyyatın saflaşdırılması, təhsilin inkişaf etdirilməsi, mədəniyyət və əxlaq dəyərlərinin milli adət-ənənələrin təməli kimi qorunub saxlanması ilə əlaqədar idisə, artıq 1978-ci ildə o zamanki SSRİ-də həyata keçirilən konstitusuya islahatları prosesində respublikanın yeni qəbul edilmiş konstitusiyasında məhz onun təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi təsdiq olundu.

Ulu öndərin növbəti addımları sırasında respublikanın iqtisadi potensialının gücləndiliməsi məqsədi ilə ağır sənayenin inkişaf etdirilməsi, yeni-yeni müəssisələrin tikilməsi və əsasını qoymaqla bu sahədə güclü maddi-texniki baza yaratmaq, peşəkar milli kadrlar yetişdirmək idi.

Azərbaycanın zəngin yerüstü və yeraltı sərvətlərə malik olduğunu gözəl anlayan Ulu öndər hələ o zamanlar Azərbaycanı qarış-qarış gəzərək yerində vacib qərarlar qəbul edirdi. Onun tərəfindən keçirilən hər bir görüş, yığıncaq səmimi anları yaşlı nəsil əziz bir xatirə kimi yad edirlər. Bununla da o, əsl azərbaycanlı-rəhbər obrazını yaratdı. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da o, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayıb bu ideologiyanın əsasını qoydu.

Sovet hakimiyyəti dövründə Heydər Əliyev, həmçinin, sənətdə uğurlar qazanan yaradıcı insanlarımızı, şairləri, yazıçıları, elm adamlarını dövlətin yüksək mükafatları ilə təltif etdirməklə hamıya öz rəhbər qayğısını göstərdi.

Müstəqilliyimizin ilk illərində respublikanın başının üstünü qara buludlar alanda, az qala vətəndaş müharibəsinin başlanması ərəfəsində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zamanlar göstərdi ki, müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı.

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Ona görə də “azərbaycançılığın” mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. “Azərbaycançılığın” gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyllərini üzvi şəkildə birləşdirməyə qadirdir. Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır. Görünür, bu baxımdan bir sıra Qərb tədqiqatçılarının dəlilləri əsassız deyildir. Onlar hesab edirlər ki, insan “möhkəm köksalma və demək olar ki, tayfa mənsubiyyəti duyğuları doğuran tarixi ənənələrin mövcudluğu şəraitində özünü müdafiə olunmuş kimi hiss edə bilər”. Üstəlik, cəmiyyətin mürəkkəbləşməsi, modernləşməsi, kosmopolitləşməsi, simasızlaşması və buna müvafiq surətdə köklərin itirilməsi ilə bu ehtiyac nəinki azalmır, əksinə, müəyyən şəraitdə qat-qat güclənir. Belə vəziyyətdə məhz dövlət – insan cəmiyyətinin bu özünütəşkil forması öz növbəsində, tam olmasa da, bir çox, bəlkə də bütün sosial fenomenlərin formalaşması və institusionallaşmasının amilinə çevrilir.

Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Demək lazımdır ki, neokonservatorlar dövlətin şəxsi həyata müdaxilə etməməsi fikrinə tərəfdardırlar, lakin onu da etiraf edirlər ki, xüsusi olmadan ümumi mövcud deyildir. Xalqın həyatının, onun formalaşmasının ali forması dövlətdir. Məhz buna görə də dövlətçilikdən məhrum olmuş xalqlar çox vaxt ya tarix səhnəsindən silinib getmiş, yaxud da sərgərdan həyat sürmüşlər. Bu gün Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını təmin etməyə qadir olan unitar, demokratik və hüquqi dövlətdir.

Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar estafeti öz əllərinə almalı olurlar. Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə vaxtında birləşməyəndə bütün ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.

Milli dövlət isə bununla səciyyələnir ki, kimlərinsə milli dəyərləri öz qanı bahasına qoruyub saxlamasına ehtiyac qalmır. Çünki o, ellikcə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və inkişaf etdirilir. Yəni dövlətçiliklə millilik birləşmiş olur. Bu bütün xalqların ən böyük arzusu, idealıdır. Biz bu gün məhz potensial milli birlik dövrümüzü yaşayırıq. Onun əsasını isə Heydər Əliyev qoymuşdur. Ona görə də, o, hər cür daxili qarşıdurmanın, habelə iqtidar-müxalifət qütbləşməsinin fövqündə durur. Mənə belə gəlir ki, bunu həm YAP, həm də müxalifət partiyaları nəzərə almalıdır. Heydər Əliyev özü milli birlik ideyasının hər cür siyasi ambisiyalardan yüksəkdə durmalı olduğunu dəfələrlə qeyd etmişdir. “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın”. “Siyasi baxışından və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır. Mən xalqımızı dəfələrlə buna dəvət etmişəm, bütün vətəndaşlarımızı buna dəvət etmişəm. Bu gün mən bütün siyasi partiyaları, qurumları, təşkilatları – hamısını, bax bu yola dəvət edirəm”.

Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəlşüurda, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret formada reallaşdırılması vasitəsidir.

Yekunda qeyd etmək lazımdır ki, azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda – mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə olmalıdır. Millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməlidir. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilməlidir. Milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biri olmalıdır. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsinə çevrilməlidir.

Bütün bunları bizə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev öyrətmişdir. Sözləri və əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli şərəf borcudur.

Mahir SƏLİMOV

Fəlsəfə üzrə fəlsəfə doktoru,

ADPU-nun Ağcabədi filialının dosenti

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər