Azərbaycan xalqının tarixində dərin izlər qoymuş və yaddaşlardan silinməyən faciəli günlər az olmamışdır. 31 mart Azərbaycan xalqı, dünya Azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan həmin günlərdən biridir. XX- əsrin əvvəllərində ermənilər hər fürsətdən yararlanaraq uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Mədəniyyət və memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı. Həmin dövrədək Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını yenidən bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kənd, Cəbrayıl qəzasının 17 kənd tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. Ermənilərin xalqımıza qarşı törətdiyi Soyqırım faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Sərəncamla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 Mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Erməni Soyqırımı təkcə XX əsrin əvvəllərini əhatə etməmişdir. Əsrin sonlarında-1988-ci ilin fevral ayından başlayaraq Ermənilər yenidən fəallaşaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün yeni həmləyə keçdilər. 30 il ərzində erməni vəhşiliyi yenidən 10 minlərlə dinc azərbaycanlının qətli, torpaqlarımızın 20%-nin işğalı ilə nəticələndi. Ermənilərin “Böyük Ermənistan” yaratmaq barədə xülyalarına 2020-ci ildə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən müharibədə azğın düşməni torpaqlarımızdan qovdu. Rusiyanın iştirakı ilə üçtərəfli kapitulyasiya aktı imzalandı. Lakin bu gün hələ də Ermənilər bəyanatın şərtlərinə əməl etmir, xarici havadarlarına arxayın olaraq yeni təxribatlar törədirlər. Lakin Ali Baş Komandan İlham Əliyev siyasi meydanda əzmlə mübarizə aparır, ordumuz döyüşə tam hazırdır. İnanırıq ki, əgər yeni hərbi əməliyyatlar başlayarsa, “dəmir yumruq” düşmənə öz yerini göstərməyə qadirdir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini