Quru öskürək 8 həftədən çox davam edərsə, mütəxəssisə müraciət olunmalıdır

Öskürək tənəffüs yollarının kimyəvi və ya fiziki amillərlə qıcıqlanması səbəbindən yaranır.

“Aran” AZƏRTAC a istinadən  xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının otolarinoloqu Rəşad Quvalov deyib.

Mütəxəssis quru öskürəyi yaradan amilləri sadalayıb: “Zəhərli maddələr, aqressiv buxar, aktiv və ya passiv siqaret istifadəsi, tozlu hava, genişlənmiş limfa düyünləri səbəbindən tənəffüs yollarına mexaniki təzyiq, xroniki obstruktiv ağciyər xəstəliyi, bronxial astma, yoluxucu tənəffüs yolu xəstəlikləri, allergik reaksiyalar kimi problemlər uzunmüddətli öskürəyə səbəb olur. Quru öskürək, adətən, 3 həftə ərzində azalır. Əgər 8 həftədən çox davam edərsə, xroniki hesab olunur və bu halda mütləq mütəxəssisə müraciət edilməlidir. Bəzən quru öskürək sinə və baş ağrıları, zəiflik, nəfəs darlığı, çəki itkisi də daxil olmaqla bir sıra əlavə əlamətlərlə müşayiət olunur”.

R.Quvalov quru öskürəyin müalicə taktikasının öskürəyin yaranma səbəbi ilə birbaşa bağlı olduğunu deyib: “Xəstənin müayinəsi zamanı əvvəlcə anamnez toplanır, auskultasiya, eləcə də döş qəfəsinin zərb müayinəsi aparılır. Diaqnostik şübhələr və ya qeyri-müəyyənliklər olduqda, qan və bəlğəmin laboratoriya testləri, rentgenoqrafik, tomoqrafik tədqiqatlar, bronxoskopiya, diaqnostik bronxoalveolyar yuyulma göstərişlərinə uyğun olaraq prosedurlar davam edir”.

Şərhlər