Dilsuz Qarayevin anım mərasimi qeyd olunub

Aprel döyüşləri – daha bir erməni təxribatı, daha bir namərd xisləti, düşmən məkri… Cəbhənin Tərtər, Cəbrayıl rayonları istiqamətlərində növbəti irimiqyaslı hücumlar həyata keçirmək istəyən düşmənin bu arzusu, bu istəyi həmişə olduğu kimi bu dəfə də öz ürəyində qaldı.

Böyük Zəfərə gedən Aprel səhifəmiz, Aprel Yolumuz!

Möhtəşəm qələbəmizin ilk işartısı, ilk qızıl hərfləri – Aprel döyüşlərimiz!

Azərbaycanın vətənsevər oğulları bu döyüşlərdə düşmənə elə bir dərs keçdi ki, azğın düşmən pərən-pərən düşdü, tutduğu strateji yüksəklikləri, təpələri öz papaqları ilə birlikdə qoyub qaçmalı oldu. Bu döyüşlərdə düşmənə dərs keçən oğullarımızdan biri də Azərbaycan Ordusunun xüsusi təyanatlı giziri Qarayev Dilsuz Məmmədağa oğlu idi. Yağının qənimi – Dilsuz! Adı gələndə belə düşmənin dodağını çatladan Dilsuz!…

1990-cı ilin 23 dekabrında Hindarxda dünyaya göz açan Dilsuz hələ uşaq yaşlarından vətənini sevən, ona bağlı olan bir gənc kimi böyüyür, yetişir. Orta məktəbi bitirən kimi bütün ömrünü, bütün həyatını Vətənə xidmətə, hərbiyə həsr etmək qərarını verən gənc Dilsuz hərbi xidmətə yollanır. Xidmətinin altıncı ayında gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət edir. Gizir məktəbini bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi fəaliyyətə başlayır. Və öz ərizəsi əsasında paytaxt Bakıdan birbaşa ön xətdə yerləşən “N” saylı hərbi hissələrin birinə göndərilir. Tariximizə “Aprel döyüşləri” olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə rəşadətlə vuruşur. Cəsur döyüşçü 03 Aprel 2016-cı ildə Talış kəndi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur.

“Mən düşmənimizdən xalqımızın qisasını yetərincə almasam, nə o dünayaya, nə də bu dünyaya sığmaram” – deyən Dilsuz beləcə gözlərini ədəbi olaraq yumur, bir obanın, bir elin, bir xalqın yaddaşında özünə kövrək xatirələrlə süslənmiş əbədi heykəl qurur. 2016-cı ilin aprel ayının 4-də Dilsuz Qarayev doğma Hindarx qəsəbəsində son mənzilə yola salınır.

Xüsusli təyinatlı döyüşçü ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilir.

Hazırda igid döyüşçünün adı qəsəbədə mərkəzi küçələrdən birinə verilib, adına xatirə-bulaq kompleksi inşa edilib.

2023-cü il, Aprelin 4-də Hindarx qəsəbə qəbiristanlığında Dilsuz Qarayevin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, qəsəbə sakinləri, ziyalılar, şəhidin ailə üzvləri, şəhid ailələri, Etibar İsmayılov adına Hindarx qəsəbə 1 saylı, Xanoğlan Həsənov adına 2 saylı və Qaraş Əliyev adına Hindarx qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivləri iştirak edib.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, şəhidin ruhuna dualar oxunub, məzarı ziyarət edilib.

Şəhidin məzarı başında çıxış edən hər kəs – ziyalılar, şəhid valideynləri, kənd sakinləri Ordumuzun Aprel döyüşlərində əldə etdikləri parlaq qələbədən, eyni zamanda xüsusi təyinatlı gizir Dilsuz Qarayevin keçdiyi şərəfli döyüş yolundan danışıblar, onun simasında bütün Vətən şəhidlərinin xatirələrini ehtiramla yad ediblər.

Sonda şagirdlər şeirlər səsləndiriblər.

Allah rəhmət eləsin!

Gündüz SEVİNDİK

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər