Ağcabədidə geniş miqyaslı işlər görülür: Artıq elektrik enerjisi və işıqlandırma ilə bağlı problemlər keçmişdə qalır

Bütün sahələrdə mühüm inkişaf əldə etmiş Azərbaycan enerji sahəsində də əsaslı nailiyyətlərə imza atır.  Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq, əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində “Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.

Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, qurum 2022-ci ildən etibarən regionlarda yeni investisiya layihəsinə start verib. Ümumilikdə müxtəlif regionları  əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi mərhələli şəkildə tamamilə yenidən qurulacaq.

Respublikamızın qısa müddət ərzində infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlməsi böyük uğurdur. O cümlədən yeni generasiya güclərinin yaradılması Azərbaycanda müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Paytaxt Bakıda və regionlarda yaradılan yeni generasiya gücləri ölkəmizin iqtisadi potensialının artmasında və əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayır. Ölkədə vətəndaşların fasiləsiz və dayanıqlı enerji ilə təchizatı üçün yeni generasiya güclərinin yaradılması ilə paralel şəkildə paylayıcı şəbəkənin dayanıqlılığının artırılması da diqqət mərkəzində saxlanılır. Görülmüş tədbirlər nəticəsində şəbəkələrin güc qəbuletmə qabiliyyəti artırılıb, qəza halları minimuma endirilib. Bu istiqamətdə tədbirlər bütün bölgələri əhatə edir. Ölkə ərazisində böyük həcmlərdə investisiya qoyuluşu hesabına xeyli sayda elektrik stansiyası tikilib. Elektrik enerjisi təminatının gücləndirilməsi istiqamətində reallaşdırılan layihələrin böyük bir qismi yarımstansiyaların yenidən qurulmasını əhatə edir.

Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində də bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülür. Ölkə başçısının xüsusi diqqət və nəzarəti altında aparılan yenidənqurma işləri, elektroenergetika sahəsi müasir tələblər əsasında qurulur. Bu ərazilərdə yeni stansiyaların yaradılması ilə ölkəmizin elektrik enerjisi istehsalı imkanları daha da artacaq. Bəhs olunan ərazilərin iqtisadi potensialı, o cümlədən də bərpaolunan enerji resursları kifayət qədər böyükdür.

Azərbaycanda elektrik enerjisi infrastrukturu ən müasir standartlar səviyyəsində qurulur. Stansiyalar tikilərkən və yarımstansiyalar əsaslı şəkildə yenidən qurularkən xarici şirkətlərin innovativ texnologiyalarından istifadə olunur. Belə ki, stansiyalar yeni avadanlıqla komplektləşdirilir, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunur. Bütün stansiyalar ölkə üzrə vahid SCADA sisteminə qoşularaq məsafədən idarə olunur.

Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən regional bölmələr yaradılıb.

“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı (Aran RETSİ) İdarəsi hazırda bölgədə irimiqyaslı tikinti və yenidənqurma işləri aparmaqdadır. Bu yenidənqurma işləri Ağcabədi şəhərini və kəndlərini də geniş şəkildə əhatə edir. Bölgədə sakinlərin etibarlı və fasiləsiz şəkildə elektrik enerjisi ilə təminatı məqsədi ilə yeni, müasir infrastruktur yaradılır. Rayonun bir çox kəndlərində, eləcə də şəhər ərazisində bərpa və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin ötürülməsində yaranan çətinlik və problemlərin aradan qaldırılması üçün mühüm addımlar atılır.

Aran RETSİ Ağcabədi Elektrik Şəbəkəsindən verilən məlumata əsasən, şəbəkə 35419 nəfər abonentə xidmət edir. Bunlardan 30120 nəfəri əhali, 5299 nəfəri isə qeyri-əhali abonentidir. İndiyədək rayonun 16 kəndində – Yuxarı Qiyaməddinli 890, Arazbar 658, Boyat 648, Aşağı Avşar 468, Xocavənd 592, Kəbirli 320, Avşar 1284, Hüsülü 920 abonent, Rəncbərlər 692, Aran 84, Poladlı 382, Qaradolaq 639, Mehrablı 263, Ağabəyli 187, Cəfərbəyli 259 və Şənlik kəndində 673 abonenti elektrik enerjisi ilə təmin edən 0.4 kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılaraq açıq naqillər 0.4 kV-luq ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillərlə) kabellərlə əvəz edilib.

Hal-hazırda Hacıbədəlli kəndində 830, Pərioğullar kəndində isə 382 abonenti təmin edən 0.4 kV-luq ÖİN kabellərin quraşdırılması başa çatmaq üzrədir.

İnvestisiya layihəsinin birinci mərhələsində Mehrablı, Ağabəyli, Cəfərbəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

Verilən məlumatda qeyd edilib ki, 2023-cü ildə şəhər ərazisində (16660), eləcə də Hindarx qəsəbəsində (830), Sarıcalı (444), Taynaq (217), Nəcəfqulubəyli (294), Minəxorlu (450), Gələbədin(281) kəndlərinin də 0.4 kV-luq şəbəkələrinin yenidənqurulması planlaşdırılıb.

*       *       *

Ağcabədidə işıqlandırılma sistemi də yenidən qurulur. Müasir standartlara cavab verən işıq dirəkləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir.

Ağcabədi RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirib ki, rayonda 102 küçə, 3 prospekt var. “Bakı Abadlıq Xidməti” MMC rayon ərazisində genişmiqyaslı işlərə başalyıb. İdarə ümumi uzunluğu 56 km olan şəhərin daxili küçələrini ən müasir işıq plafonları ilə təmin edir.

Şəhərin mərkəzi küçə və prospektlərində quraşdırılan müasir, beynəlxalq standartlara uyğun olan, habelə istismar müddətinə zəmanət verilən işıqlandırma sistemləri PHİLİPS firmasının istehsalıdır.

Bu işıqların digərlərindən fərqi axşam vaxtları özlərinin fəaliyyətə başlamasıdır. Hazırda Heydər Əliyev prospektində, Zəfər prospektində, Tofiq İsmayılov küçəsində sıradan çıxmış, öz istismar müddətini başa vurmuş lampalar yeni, istismar dövrü uzunmüddətli olan müasir LED işıqlandırıcılarla əvəz olunub. Bu işıqlar ekonom rejimlə işləyir, onlar üçün taymerlər quraşdırılır. Bu sistem az enerji istifadə etməklə yüksək keyfiyyət göstərir. 

Hazırda Nəsimi küçəsində də sözügedən işıqlardan istifadə edilir. Mütəxəssislərin fikrincə bu işıqlandırıcılar sayəsində əvvəlki illərə nisbətən enerjiyə 70% qənaət edilir.

MMC tərəfindən 41 küçə abadlaşdırılıb. Bir neçə küçədə artıq plafonlar istifadəyə verilib. Nərimanov küçəsi və Eldəniz Sadıqov küçələrində də işlər sürətlə davam etdirilir. Nərimanov küçəsinin ümumi uzunluğu 1620 m, E. Sadıqov küçəsinin uzunluğu isə 2 km-ə yaxındır və bu ərazilərdə 120 Voltluq plafonların quraşdırılması nəzərdə tutulub. Demək olar ki, tamamlama işləri son mərhələdədir. İşıqlandırlma aparılan küçələrdən 7-si Vətən müharibəsi şəhidlərinin adını daşıyan küçələrdir ki, 5 şəhidin adını daşıyan küçələrdə işıq dirəkləri artıq basdırılıb. Eyni zamanda Namiq Abdullayev küçəsində də 400 metrlik yolda bu işıqlar quraşdırılacaq.

Bundan başqa Ü.Hacıbəyli prospektində 20-yə yaxın dirək quraşdırılması nəzərdə tutulub. Artıq bu istiqamətdə də işlər başlayıb. Növbəti yenidənqurma işləri isə “Asan Xidmət” Mərkəzindən Heydər Əliyev  adına mədəniyyət və istirahət parkına qədər olan ərazini əhatə edəcək.

Xatırladaq ki, yeni işıqlar quraşdırılan ərazilərdə  smartkartlara keçid edilib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı və Şəhidlər xiyabanında da nümayəndəlik tərəfindən quruculuq işləri davam etdiriləcək.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər