Bağışlanma və rəhmət ayı

İslamın müqəddəs bayramları içərisində orucluq bayramı xüsusi yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi illə 623-cü ildən) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

İslam dinində ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab olunur. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecəyə “qədr” və ya “əhya” gecəsi deyilir. Qədr gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Müqəddəs Qurani Kərimin “Qədr” surəsində qədr gecəsi haqqında belə yazılıb: “O gecə dan yeri sökülənə kimi büsbütün salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis (xalis) bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)”.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ayı həm də ruhun tərəqqisi dövrü adlandırırlar.

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olub. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacib və fərzdir.

Sovet hakimiyyəti dövründə islamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı yenidən bərpa olundu, islam dininə, onun ibadət və ayinlərinə olan münasibət də kökündən dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Müqəddəs ay hesab olunan ramazan ayı bütün müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də böyük sevinclə qeyd olunur.

Qeyd edək ki, Ramazan bayramı bu il aprel ayının 21 və 22-nə təsadüf edir.

Hüseyn QULUZADƏ

 

Şərhlər