Mən Heydər Əliyevlə ilk dəfə Bakıda muzeydə, ikinci dəfə 1982-ci ildə Ağcabədiyə səfəri zamanı görüşmüşəm.
O, biz pambıqçılarla şəkil çəkdirdi. Sonra üzünü mənə tutub:
-Əl ilə pambıq yığımında qabaqcılsan. De görüm bəs neçə övladın var?
Mən dedim:
-Yarım düjün.
O güldü:
– Yarım düjün nədir?
– Yəni 6 uşaq. 12 uşaq olsaydı bir düjün olardı.
– Neçəsi oğlan, neçəsi qızdır?
Dedim:
– 4-ü oğlan, 2-si qız.
Heydər Əliyev gülərək dedi:
– Yenə də “geroysan.” Sənə maşın verəcəyəm.
Mən isə dedim:
– İstəmirəm.
– Niyə?
– Dövlətin ağ qızılı qalıb çöllərdə. Mən maşın alsam başım qarışacaq.
O mənim sözlərimə güldü.
Həmin il yığımdan sonra oktyabrın 28-də mənə sarı rəngli VAZ 21 011 markalı maşın mükafat verdilər.
Mən bir kolxozçu kimi həmişə işimdən zövq almışam və zəhmətkeşliyim o böyük insanın diqqətindən yayınmamışdır. O vaxtlar fəallığıma görə tez-tez televiziya ekranlarında adım çəkilərdi. O, mənə 14 orden vermişdi. “Lenin ordeni”, “Qırmızı əmək bayrağı ordeni” və s. Bundan əlavə 2 qızıl, bir bürünc medal və müxtəlif diplomlar, fəxri fərmanlar almışam.
Heydər Əliyev həmişə mənə deyərdi:
“Sən mənim qızımsan. Əl ilə ki, 17-18 ton pambıq toplayırsan, sənin kimilərini mən öz qızım hesab edirəm”.
Mən “Pambıq ustası” adını alanda Heydər Əliyev mənə 4 xalça, çay dəsti, müxtəlif ev əşyaları və daha nələr mükafat vermişdir. Hazırda yaşadığım evin materillarını da Heydər Əliyevin göstərişi ilə yardım kimi vermişdilər.
Bütün bunlar biz zəhmətkeşləri işə daha da həvəsləndirirdi. Heydər Əliyev həm əvəzsiz rəhbər, həm də müdrik ağsaqqal kimi hər bir azərbaycanlının sonsuz sevgisini qazanmışdır. Azərbaycanın hər bir rayonunun, kəndinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Sevinirəm və özümü xoşbəxt sayıram ki, Heydər Əliyevin yaxşı işlərini bu gün onun oğlu, hörmətli Prezidentimiz İlham Əliyev bacarıqla yerinə yetirir. Xalqımız yaxşı yaşayır, pis dolanmırıq. Müharibə səngiyib, yaxşı ordumuz var. İnsanlar prezidentimizdən çox razıdırlar. Biz əmək veteranları da razıyıq. Çünki hamımızın qeydinə qalır.
Mən hər dəfə Bakıya gedəndə Heydər Əliyevin qəbrini ziyarət edirəm. Ona dualar oxuyuram. Bunu özümə borc bilirəm. Çünki bugünkü həyatıma, ev-eşiyimə, balalarımın xoşbəxtliyinə görə ona borcluyam.
Humay HƏSƏNOVA
(2008-ci il. “Heydər Əliyev və Ağcabədi” kitabından)
P.S. Qeyd edək ki, mətnin müəllifi dünyasını dəyişib