Peyvəndləmə tədbirləri davamlı aparılır

Dabaq – iti gedişli xəstəlikdir, ağız boşluğunun selikli qişasında, yelinin və ətrafların dərisində yaraların əmələ gəlməsi ilə xarakterizə olunur. Bu xəstəliyə bütün cütdırnaqlı heyvanlar (qaramal, davarlar, donuzlar, camışlar, dəvələr, marallar) həssasdırlar.

Xəstəliyin törədicisi virusdur, törədicinin ətraf mühitdə mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Onlar ağız suyu, süd, sidik və nəcis vasitəsilə ətrafa yayılırlar. Virus bu heyvanlarda xəstəliyin klinik əlamətləri inkişaf etməsindən əvvəl və ya xəstəlikdən sağaldıqdan sonra da xaric olunur. Quşlar bu virusla yoluxmasalar da, onu asanlıqla uzaq məsafələrə yaya bilirlər. Yoluxma adətən qida qəbulu ilə, hava və birbaşa kontakt yollarla baş verir. İnsanlar xəstə heyvanlardan yoluxa bilərlər. Odur ki, dabaq xəstəliyinin vətəndaşlar, heyvanlar arasında yayılmasının qarşısının alınması ilə yanaşı, maarifləndirmə işləri də aparılmalı, insanlar xəstəliyin zərəri və onların həyatı üçün olan təhlükəsi haqqında məlumatlandırılmalıdırlar. Bəs rayonumuzda bununla bağlı hansı tədbirlər görülür? Bu haqda Ağcabədi Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Nazir Cəfərov “Aran”a məlumat verib. O, bildirib ki, kənd təsərrüfatı heyvanlar üçün bu tədbirlər vaxtlı-vaxtında aparılmalıdır. Vətəndaşlar həmin heyvanların süd məhsulları ilə qidalanırlar, ətindən istifadə edirlər. Ona görə camaat arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Onlara izah olunur ki,  belə tədbirlərdən qaçmasınlar və nəticə etibarı ilə həkim eyni ünvana təkrar-təkrar gedib-gəlmək məcburiyyətində qalmasın. Məsələn, bəzən görürsünüz ki, bununla bağlı ilk dəfə gedəndə heyvan sahibi tərəfindən şərait yaradılmır və həkim məcburdur ki, bir də gedə. Bu da bizdə vaxt itkisinə səbəb olur.

Nazir Cəfərov qeyd edib ki, xəstəliyin ilk klinik əlamətləri heyvanlarda iştahanın pozulması, südün azalması, bədən hərarətinin yüksəlməsi, ağızda qabarcıqların əmələ gəlməsi və selikli mayenin axması ilə başlayır. Qabarcıqlar partladıqdan sonra onların yerində yaralar əmələ gəlir. Əgər körpə heyvanlara dabaq xəstəliyi düşərsə, bu ölümlə nəticələnir. Quzularda və körpə buzovlarda virus heyvanların ağız nayihəsindən tutur və bundan sonra dabaq xəstəliyinin törətdiyi aftalar ağız suyu vasitəsi ilə mədəyə ötürülür. Mədəyə ötürüləndən sonra ciyərdə, tənəffüs yollarında, mədə-bağırsaqda bu aftalar yaranır və şişkinlik əmələ gəlir. Şişkinliklə əlaqədar heyvanlar arasında təlafat baş verir. Ona görə də artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Ağcabədi rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə iribuynuzlu heyvanlar üçün kifayət qədər dabaq vaksinləri göndərilmişdir. Təsərrüfat kitabında verilmiş baş sayı Statistika İdarəsinə verilir və burada bölünmə olduqdan sonra həkimlər həmin vaksinləri götürüb, səyyar olaraq kəndlərdə iribuynuzlu, hər bir baş heyvana 2 qram hesabı ilə tədbir aparırlar. Bunun sayəsində 15-20 gün müddətində heyvanlar immunitet götürür və həmin heyvanlarda artıq dabaq xəstəliyi baş vermir. İlin əvvəlindən bugünədək 61517 baş heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb.

Söhbət zamanı idarə rəisi qeyd edib ki, hazırda rayonumuzda dabaq xəstəliyi yoxdur. Amma istənilən halda rayon ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə və müalicə işləri davamlı olaraq, plana uyğun şəkildə həyata keçirilir.

Hazırda sözügedən idarədə 12 nəfər işçi, həmçinin Özəl baytarlarla iş şöbəsində 30 nəfər müqavilə əsasında işləyir. Baytar həkimlərinə kömək məqsədi ilə 136 nəfər imkansız şəxslər, həmçinin şəhid ailəsi üzvləri və qazilər də çalışırlar.

Ümumilikdə xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətlərinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilən işlərdən danışarkən N.Cəfərov bildirib ki, AQA ilə xidməti müqavilə bağlanmış, özəl baytar həkimləri tərəfindən 5 yanvar tarixindən 30 mart tarixinədək müxtəlif peyvəndləmə işləri həyata keçirilmişdir. Məsələn, vəhşi heyvanlarda quduzluğa qarşı 1100, sahibi olan itlərdə 4862 baş, çiçəyə qarşı xırdabuynuzlu heyvanlarda 39218 baş, qarayara əleyhinə iribuynuzlu heyvanlarda 75910 baş, xırdabuynuzlu heyvanlarda 138267 baş, o cümlədən atlarda 1067 rəst olmaqla peyvəndlənmə tədbirləri aparılmışdır.

İlboyu bu tədbirlərin növbəli şəkildə həyata keçirildiyini bildirən idarə rəhbəri onu da qeyd edib ki, iyul və avqust aylarında havalar çox isti keçdiyinə görə məhz bu aylarda heç bir tədbir olmur.

Məhsəti AĞAYEVA

Şərhlər