10 aprel 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan rayon Heydər Əliyev Mərkəzi və şəhər uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda tədbir təşkil edilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ümummilli liderin xalqımız üçün gördüyü misilsiz xidmətlərdən, milli musiqi sənətinə vermiş olduğu dəyərdən ətraflı söhbət açıb. Rövşanə Əliyeva qeyd edib ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev-muzeylərinin yaradılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin olması dahi şəxsiyyətin adı ilə bağlıdır.
Daha sonra “Aran Ağcabədi” internet televiziyasının redaktoru Gündüz Nəcəfov, Ağcabədi şəhər uşaq musiqi məktəbinin tar müəllimi Tohid Hüseynov çıxış edərək, Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycan bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bəstəkar və musiqişünaslara qayğı ilə yanaşıb. Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, musiqilərinin səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilib.
Onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, dünyada tanındı. Neçə-neçə bəstəkarımız SSRİ Xalq artisti adına layiq görüldü. İttifaqın ən yüksək orden və medalları ilə təltif olundular. Üç böyük bəstəkarımız – Qara Qarayev, Niyazi və Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldülər.
Tədbirin bədii hissəsində Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasında səslənən musiqi parçaları tədbirə xoş ovqat qatıb. Sonda xatirə şəkilləri çəkilib.







