Şəkidən “Aran Ağcabədi” internet televiziyasına

İstedadlı dostum Gündüz Sevindik, salam! Sizin “Aran Ağcabədi” internet televiziyanızda Hacı Qara haqqında olan verilişə baxdım və özümün də qənaətimi, fikirlərimi sizinlə bölməyi qərara aldım. Bir dəfə mərhum Füzulişünas alimimiz Sabir Əliyev mənə belə bir məlumat verdi: “Dostum, Axundovun “Hacı Qara” komediyasının qəhrəmanı Hacı Qara elmli, əliaçıq, insaflı bir adam olub. Hətta iki nəfər yetimə hər ay paltar və ərzaq göndərdiyi də məlumdur. Elə Axundovun Hacı Qara ilə tanışlığı da onun məhz biliyi və mərifətinə görə olub. Axundovun Qafqaz Canişinliyindəki vəzifəsi ilə əlaqədar tez-tez Qarabağa getməsi və orada qabaqcıl düşüncəli adamlarla görüşməsi sağlam məntiqə söykənən məsələlərdir. Komediya yazılandan xeyli sonra onlar Ağcabədidə görüşürlər. Hacı Qara incik halda soruşur: -Mirzə, yazdığın məzhəkəyə başqa ad tapa bilməzdin? Axı Ağcabədi bazarında alış-veriş eləyən Hacı Qara yalnız mənəm. Axundov cavabında deyir: -Hacı, incimə, mən adı dəyişə bilərdim. Ancaq əsər Bakıda oynanılıb, Tiflisdə “Kavkaz” qəzetində dərc olunub, Fransada çap edilib. Daha dəyişə bilmərəm. Aralarındakı söhbət bununla bitir. Məsələ bir qədər ayrı cürdür. Mənə elə gəlir ki, Axundovun məqsədi tarixdə yaşamış Hacı Qaranı mənfi planda təqdim etmək deyil, əksinə, Qarabağdakı erudisiyalı dostları arasından seçib, sanballayıb səviyyəsinə arxayın olduğu həmin Hacı Qaranın dili ilə cəsarətli və mətnaltı fikirlərini vermək istəmişdir. Həmin fikirləri başqa bir sövdəgər deyə bilməzdi, məhz Hacı Qara səsləndirə bilərdi. Komediyanın orijinalında (bəzi nəşrlərdə yoxdur) Hacı Qaranın bəylərlə qaçaqmala hazırlaşdığı səhnədə Hacı Qara deyir: -A kişilər, dünyanın o başına Fitilbörkdən mal gətirirsən, heç nə deyən yoxdur. Amma qulağımızın dibində Təbrizdən mal gətirməyə qoymurlar. Yaxud: Hacı Qara: – “Qarovul, yasovul mənə nə eləyəcək? Mən Allahın lütfü ilə yalqız onların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır”. Vətənin ikiyə parçalandığını və işğal faktını bundan gözəl ifadə etmək olarmı? Komediyada Hacı Qaranın dili ilə erməni xisləti yüksək ustalıqla açılmışdır. Mkrtıç: -Əgər bu zamanadək tuğlu bir adamın bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır. Hacı Qara: -“Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub. İndi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evini yıxıbsınız”. Göründüyü kimi Axundov Hacı Qaranın dili ilə dostunun cəsarətini, dünyanın dürlü-dürlü işlərindən baş çıxardığını, bir elmli adam kimi gələcəyi görmə qabiliyyətini üzə çıxarmışdır. Göstərilən nümunələrdə Hacı Qaranın dilindəki komiklik zahiri komiklikdir. Əslində isə çox ciddi mətləblərdən xəbər verir. Tarzən hansı havanı çalmaq istəyirsə, tarını həmin havaya kökləyir. Axundov da barıt qoxusu gələn fikirlərini çatdırmaq üçün Hacı Qara şəxsiyyətinə köklənmişdir. Diqqət edilsə, Hacı Qarada yaşadığı əsrin tarixi hadisələrinin əks-sədası qabarıq şəkildə özünü göstərir. Əsərdə Vətən təəssübkeşi, rus işğalına sonsuz nifrəti olan Hacı Qara ilə son dərəcə xəsis Hacı Qara bir-birinə uyğun gəlmir. Elə məsələ burada açılır. Birinci Hacı Qara müəllifin dostu, ikinci Hacı Qara isə onun obraz qatıdır. Ağcabədi qanan kişilərin yurdudur. Axundovdan incidiyinə görə camaatı qınamaq olmaz. Xalq nəzəriyyəçi və ya tənqidçi deyil ki, əsərin üstündə oturub kəlmə-kəlmə məna axtarsın. Qeyd elədiyimiz mətləblərin üstünü Sovet dönəmində açmaq olmazdı. Müstəqillik dövründə isə ədəbiyyatı yayan və təbliğ edən qurumlar işləmir. Sizə təşəkkürlər edirəm ki, belə gözəl bir polemika açmısınız.

Hörmətlə: Qəzetinizi, televiziyanızı, saytınızı daim izləyən və hamınıza hörmət bəsləyən Yahya müəllim. Şəki rayonu, Kiçik Dəhnə kəndi

Şərhlər