Beynəlxalq müstəvidə qarşılıqlı dəstək

Aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstana səfər edib. Səfər zamanı  sənədlər imzalanıb, Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Çıxışı zamanı ölkə başçısı bildirib ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.

Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.

Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb. Bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır.

Səfər zamanı Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində də iştirak edib.

Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi.

Ümummilli lider həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı.

Dahi liderin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı.

Ulu öndərin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu.

Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.

Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir.

Səfər çərçivəsində imzalanmış sənədlər:

  • “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”;
  • “Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”;
  • “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”;
  • “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”;
  • “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər