Bu gün Azərbaycan və Tacikistan iki sabit dövlətdir

Aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı Türkmənistan Prezidenti Emoməli Rəhmon Azərbaycan və Tacik xalqları arasında tarixən xoş münasibətin olduğunu, dövlətlərarası münasibətlərin bugün də bütün istiqamətlərdə gündən-günə inkişaf etdiyini qeyd etmiş, gələcəkdə həmin qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə dair öz əminliyini ifadə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost Tacikistana dəvət edildiyinə görə təşəkkürünü bildirmiş, hər iki ölkə arasında münasibətlərin yaxşı olduğunu vurğulayıb, beynəlxalq müstəvidə və ikitərəfli formatda sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib.
Görüşdən sonra Prezidentlər mətbuata birgə bəyanat veriblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatda bildirib ki, “bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990- cı illərin əvvəllərindəki səmərəli fəaliyyətin nəticəsidir. O vaxt Tacikistan və Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda böyük vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev- rəhbər olduqları ölkələrdə qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”
Prezident Tacikistanda ümummilli lider Heydər Əliyevin xatirəsinin böyük ehtiramla yad edilməsini yüksək qiymətləndirib. Daha sonra ölkə başçısı vurğulayıb ki, görüşlər zamanı biz bütün istiqamətlərdə qarşılıqlı irəliləyiş əldə etməliyik.“Nəqliyyat–logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz
Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq”. Azərbaycan Prezidenti İlham Əliyev səfərin əhəmiyyətinə mühüm önəm verərək qeyd edib ki, “Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək”.
Daha sonra Prezident Azərbaycanda Tacik mədəniyyətinin, Tacikistanda Azərbaycan mədəniyyətinin çox yüksək səviyyədə dəyərləndirildiyini qeyd edib. Çıxışın sonunda Prezident İlham Əliyev Tacikistanda göstərilən yüksək qonaqpərvərliyə və əməkdaşlığa görə Tacikistan Prezidenti Emoməli Rəhmona təşəkkür edib, eyni zamanda onu Azərbaycana səfərə dəvət edib. Tacikistan Prezidenti Azərbaycana dəvət edildiyinə görə minnətdarlığını bildirib, böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirib.

Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Şərhlər