Hazırda əksər tibb müəssisələri tərəfindən müxtəlif check-up müayinələri, yəni orqanizmin ümumi müayinəsi həyata keçirilir. Hətta bununla əlaqədar telefonlara mesajlar da gəlir.
“Aran” xəbər verir ki, check-up müayinələr haqqında məlumat verən həkim-terapevt Emin Məmmədov deyib: “Check-up müayinələrin məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Özünü sağlam və gümrah hiss edən hər kəs il ərzində heç olmasa bir dəfə vacib tibbi müayinələrdən keçməlidir. Məsələn, qanın ümumi analizi orqanizmdə gedən bütün xəstəliklərin ilkin başlanqıcını göstərə bilər. Check-up müayinələri zamanı qaraciyər, mədəaltı vəz, orqanizmdə vitamin və mineralların miqdarını yoxlamaqla və yaxud ultrasəs müayinəsindən keçməklə bir çox xəstəliklərin daha ağır formalarımı erkən aşkarlamaq olar”.
Check-up tibbi müayinələr üzrə uroloji, endokrinoloji, ginekoloji və s. qruplara bölünür. İstənilən yaşda yoxlanışdan keçmək mümkündür.
“Xüsusilə müəyyən yaş qruplarında vacib check-up müayinələr var. Məsələn, reproduktiv yaş dövründə olan xanımlarda süd vəzi və ginekoloji müayinələrin aparılması çox vacibdir. 40 yaşından yuxarı olan kişilər prostatla bağlı problemləri, alkoqol qəbul edənlər qaraciyərin müayinəsini aparmalıdırlar. Ümumiyyətlə, 45 yaşdan sonra bütün insanların mədə-bağırsaq traktının müayinəsindən keçməsi çox vacibdir”, – deyə həkim-terapevt bildirib.