Dövlət qulluğu üzrə daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Bu il martın 27-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.

“Aran” Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, 10 dövlət orqanında mövcud olan 69 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 104 namizədlə 105 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Maliyyə Nazirliyi, Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsi, Əhalinin sosial müdafiəsi və sosial təminat sahələrinin maliyyəsi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) və Dövlət Turizm Agentliyi, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 12 namizəd) üzrə yaranıb.

Müsahibələrin aprelin 20-dən mayın 19-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Şərhlər