Şəxsiyyət özünün bütün mürəkkəbliyi və çoxcəhətliyi ilə yalnız cəmiyyətdə, ictimai fəaliyyətdə təfəkkür və təzahür edir. Şəxsiyyət hər şeydən əvvəl, isti qanı olan adamdır, vətənini müdafiə edən əsgərdir, ailə başcısıdır, ən başlıcası vətəndaşdır.
Deməli, şəxsiyyət cəmiyyətin üzvü, müəyyən hüquq və vəzifələri olan insandır. Şəxsiyyəti, onun ümumi inkişafını, şüurunu təyin edən cəmiyyətin ictimai varlığıdır, o, yaşadığı yerdən, zamandan, həyat şəraitindən, fəaliyyətindən asılı olaraq, özünəxas müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, müxtəlif keyfiyyət və əlamətlərə, müəyyən həyat istiqamətində və dünyagörüşünə malik olur. Cəmiyyətin fəal yaradıcı üzvü olan şəxsiyyəti, yalnız onun yaşadığı və çoxcəhətli fəaliyyət göstərdiyi cəmiyyət həyatını, burada insanlar arasındakı ictimai münasibətlə öyrənməklə dərk etmək mümkündür. İnsanları yaşadığı cəmiyyətdən ayrı götürmək onların, mənəvi inkişafını cəmiyyətin inkişafından təcrid etmək olmaz. Şəxsiyyət, yaşadığı dövrdə insanlar arasındakı ictimai-iqtisadi münasibətlərin məcmuu tərəfindən müəyyən edilən şüurlu ictimai varlıqdır. Şəxsiyyət cəmiyyətin tarixi inkişafı ilə əlaqədar olaraq dəyişir və inkişaf edir; cəmiyyətin maddi həyat şəraiti onun mənəvi aləmini, psixoloji simasını müəyyən edir. Hər bir tarixi dövr öz tipini yaradır.
Cəmiyyət tarixində şəxsiyyətin inkişaf prosesini onun bioloji və psixoloji inkişafından ayrı götürmək olmaz. İctimai münasibətlərin məcmuu olan şəxsiyyət, eyni zamanda, təbiət və cəmiyyətin cism və hadisələrini obyektiv gerçəkliyi beynində əks etdirən bir fərddir. Şəxsiyyətin maddi əsasları orqanizmi və mənəvi məzmunu varlığın mürəkkəb və çoxcəhətli inikasından ibarət olan psixi həyatı vəhdətdir. Bu vəhdət fəaliyyət prosesində təzahür edir.
Şəxsiyyət, özünün müəyyən məqsədə yönəlmiş əmək fəaliyyəti sayəsində ətraf varlığı dəyişdirərkən, bununla birlikdə öz təbiəti də, öz davranışı da dəyişir və təkmilləşir.
Beləliklə aydın olur ki, insanlar obyektiv gerçəkliyə münasibəti sadəcə passiv seyirçi olaraq qalmır, ictimai istehsal prosesində bir-birilə müəyyən əlaqə və münasibətə girib özlərinin təlabatını ödəmək üçün təbiətə fəal təsir göstərir, onu dəyişdirir və bununla öz təbiətlərini də dəyişdirirlər, özləri də inkişaf edirlər. Çünki şəxsiyyət şüurlu varlıqdır o, ictimai həyata seçici münasibət bəsləyir, onu öz məqsədinə uyğun surətdə dəyişdirməyə can atır və ya şəraitin tələbini yerinə yetirməyə çalışır. Mürəkkəb və çoxcəhətli insan şəxsiyyəti bir sıra elmlər tərəfindən öyrənilir.
Psixologiya şəxsiyyətin mühüm bir cəhətini – onun psixi proseslərini və fərdi psixi xüsusiyyətlərini öyrənir.
Psixologiyanın öyrəndiyi bu psixi proses və xüsusiyyətlər şəxsiyyətdən ayrılmazdır, ona məxsusdur və ondan asılıdır.
Bunu yadda saxlamaq lazımdır ki, tarixi materilarizmin tədqiqat sahəsi olan ictimai şüurla, ondan qida alıb təfəkkür edən və psixologiyanın öyrənmə sahəsi olan fərdi şüur ayrılmaz vəhdət halındadır. Eyni bir dövrdə yaşayan, həmin dövrdə ictimai şüurun təsiri altında yetişib fəaliyyət göstərən adamlar, bir fərd olmaq etibarı ilə, bir sıra xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər. Ayrı-ayrı adamlar hafizə, təxəyyül və s. psixi proseslər müxtəlif surət və qüvvətlə cərəyan edir və şəxsiyyətin ümumi inkişafı ilə əlaqədar olaraq müxtəlif inkişaf səviyyəsinə malik olur. Şəxsiyyət fərdi həyatı müddətində dəyişir, inkişaf edir. Onun fərdi psixi xüsusiyyətləri və vəhdət altında götürülüb əmələgəlmə, inkişaf və təfəkküretmə prosesində öyrənilir. Şəxsiyyətin psixi proses və xüsusiyyətləri əvvəldən hazır şəkildə mövcud deyil, onlar orqanizmin inkişafı prosesində, həyatın gedişində, tərbiyə, əmək təlimi və əmək fəaliyyəti zamanı əmələ gəlir, inkişaf edir və təkmilləşir. Onların inkişafı, şübhəsiz ki, bədənin fitri anotomik-fizioloji xüsusiyyətləri, ali sinir fəaliyyətinin xüsusiyyətləri ilə fərqlənir. Lakin burada, yalnız bu fərdi xüsusiyyətlərin inkişafi üçün inkişaf vardır. Həyat tərzi, tərbiyə və təlim, əmək fəaliyyəti və ictimai mühitin təsiri sayəsində bu imkanlar əsasında müxtəlif cəhətli maraqlar, qabiliyyətlər və xarakter əlamətləri təfəkkür edərkən şəxsiyyətin hərtərəfli inkişafına güclü bir təkan ola bildiyi kimi, bunun əksi də baş verə bilər, yəni bu ya digər cəhətdən inkişaf edə bilməyərək şəxsiyyətin məhdud, birtərəfli olmasına təsir göstərə bilər.
Görkəmli psixoloq S.L.Rubinşteyn (1889-1960) şəxsiyyətin psixoloji simasını öyrənib, müəyyən etmək istəyərkən qarşıya çıxan üç əsas məsələni həll etməsini haqlı olaraq, zəruri sayır. Bu, şəxsiyyətin istiqamət və məsləki təlabatı, maraq və ideyaları haqqında məsələdir. Buradan, tibbi olaraq, ikinci məsələ meydana çıxır və insan nə bacarır – sualı qarşısında durur. Bu, əsas etibarı ilə, istedad və qabiliyyət haqqındakı məsələdir. Lakın isdedad hələ ilk imkandır. Insanın bu imkandan necə istifadə edə bildiyini aydınlaşdırmaq üçün onda hansı əsas keyfiyyətlərin olduğunu, bütün həyatda iz buraxan hansı mühüm əlamətlərin mövcud olduğunu öyrənmək lazımdır. Bu, insanın xarakteri haqqında məsələdir. Şəxsiyyətin psixoloji simasını müəyyən edən bu cəhətlər – onun istiqamət və məsləki, təlabatı, ideallar, maraqlar, qabiliyyətləri temparament və xarakter bir-biri ilə üzvü surətdə bağlıdır, biri digərini şərtləndirərək vəhdət təşkil edir. Bunları – insanın həmin fərdi psixi xassələrini öyrənib bilmək çox mühüm nəzəri və əməli əhəmiyyətə malikdir. Bu, sözün geniş mənasında, tərbiyənin düzgün elmi əsaslar üzərində qurulması üçün daha zəruridir. Çünki adamlara fərdi yaşamağı bacarmağın həm əmək fəaliyyətinin müxtəlif sahələrində – istehsalda, inzibati işlərdə, təbabətdə həm də tərbiyə işlərində müvəffəqiyyət qazanmaq üçün müstəsna əhəmiyyəti vardır. Bu da adamların fərdi psixoloji xassələrini elmi surətdə bilmədən mümkün deyildir.
Obyektiv varlıq inkişafının yüksək, yeni keyfiyyətli məhsulu olan canlı orqanizm təbiətin ayrılmaz hissəsidir. Canlı orqanizm öz varlığını davam etdirmək, yaşamaq üçün zəruri olan təlabatı ödəməlidir. O, bu təlabatı yalnız təbiətlə, yaşadığı konkret mühitlə daim qarşılıqlı əlaqədə olmaq, təbiətlə maddələr mübadiləsinə girişmək sayəsində ödəyir. Çünki canlı, öz həyatı üçün zəruri olan maddələri ətraf mühitdən, təbiətdən alaraq yenidən işləyib orqanizmin mənimsəyə biləcəyi hala salır, başqa sözlə, həyati təlabatını ödəyir və beləliklə, yaşayır, artır, inkişaf edir.
Təlabat yalnız dərk edildiyi təqdirdə insanı şüurlu fəaliyyətə təhrik edən qüvvə olur. Deməli, yaşlı sağlam adamın təlabatı daim dərk edilmiş olur, şüurlu xasiyyət daşıyır. Beləliklə, aydın olur ki, insanı hərəkətə gətirən təlabat labüd olaraq onun tərəfindən dərk edilir. Təlabatın dərk edilməsinə yönəldilmiş fəaliyyət sayəsində əldə edilən nailiyyət, təlabatın inkişafına, dürüstləşməsinə, sonra isə yeni təlabatın meydana çıxmasına səbəb olur. Deməli, tarixi inkişaf ilə əlaqədar olaraq insan təlabatı həmişə dəyişir, inkişaf edir və mürəkkəbləşir.
Beləliklə, insan təlabatı və onu ödəmək üçün icra olunan fəaliyyət tarixi boyu inkişaf edib mürəkkəbləşmiş və bu da, öz növbəsində şəxsiyyətin ümumi inkişafına qüvvətli təsir göstərmişdir. Təlabatını təmin etməyə yönəldilmiş əmək fəaliyyəti prosesində insanın zehni qabiliyyətləri, onun duyğu və qavrayışları, hafizə və təxəyyülü, nitq təfəkkürü, diqqət və s. əmələ gələrkən inkişaf etmişdir. Fəaliyyət getdikcə daha geniş və müxtəlif cəhətli olduqca, həmin qabiliyyətlər də təkmilləşərək daha mürəkkəb və müxtəlif cəhətli olur, daha yüksək inkişaf səviyyəsinə çatır.
Maddi təlabat əsasında doğan və onunla vəhdət təşkil edən mənəvi təlabat tarixi inkişafın sonrakı pillələrində meydana çıxmışdır. İctimai fəaliyyətdə, ümumiyyətlə, əməyə, o cümlədən əqli əməklə məşğul olmağa, elmə, kitaba, incəsənətin müxtəlif növlərinə və s. olan təlabat buraya daxildir. Mənəvi təlabatı mədəni, əxlaqi, estetik təlabat sözləri ilə də ifadə edirlər. Mənəvi təlabat maddi təlabat əsasında əmələ gəlib, onunla qarşılıqlı vəhdətdə inkişaf etməklə özünəməxsus cəhətlərə malikdir. K.Marks yazmışdır ki, insan cismə əvvəlcə əməli cəhətdən yanaşıb öz maddi təlabatını ödəyir, sonra da bu əsasda cismi dərk edir, ona yiyələnir, nəzəri cəhətdən yanaşmağa başlayır. İnsan cismə əməli münasibət əsasında onu təsəvvür etməyə, anlamağa başlayır, ona müəyyən elmi, əxlaqi və estetik münasibət bəsləyir.
Maddi və mənəvi təlabat daim qarşılıqlı əlaqə və asılılıqdadır. Qeyd etdik ki, insanın təlabatı daim dəyişib inkişaf edərək zənginləşdiyi kimi, onu təmin etmək üçün göstərilən fəaliyyət də dəyişir, inkişaf edir və zənginləşir, bu da, ümumiyyətlə, insan şəxsiyyətinin inkişafı üçün zəmin təşkil edir. Deməli, təlabatın zənginliyi, onun ödənilməsini insan həyatının dolğun və məzmunlu olmasını, daha yüksək inkişafını təmin edir. Təlabat insan fəallığının əsasını təşkil edir, lakin o, həmin fəallığın əsas hərəkətverici qüvvəsi deyildir. Dünyagörüşü insan fəallığının əsas hərəkətverici qüvvəsi olub, ona bir müəyyənlik və istiqamət verir. İnsanın qarşılıqlı vəhdət altında cərəyan edən bütün psixi proses və xassələri dünyagörüşü ilə üzvü surətdə bağlıdır, bu da onun bir şəxsiyyət kimi inkişafına qüvvətli təsir göstərir. İnsanın təbiət və cəmiyyət hadisələrinə yanaşması, onların şərh və izah etməsi, mürəkkəb və çoxcəhətli rəftarı, fəaliyyəti öz istiqaməti etibarı ilə onun dünyagörüşündən qida alır.
Şəxsiyyətin inkişaf amilləri ilə bağlı aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişir. İnsanın cəmiyyət qarşısındakı vəzifəsini dərk edib ləyaqətlə yerinə yetirmə səyi, öz dərinlik və qüvvəsi etibarilə dünyagörüşündən qida alıb, ümumiləşmiş və yüksək ifadəsini ideallarında tapır. İdeal şəxsiyyət istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir və bununla birlikdə həmin istiqaməti daha parlaq əks etdirir. İnsanın nələrə nail olmaq istədiyi, necə olmaq arzusu ideallarında əks olunur.
İdeyaların əmələgəlmə səbəblərini izah edərkən göstərmişdir ki, ideallar insanların iqtisadi həyat şəraiti əsasında yaranıb, onun dəyişməsinə müvafiq olaraq dəyişir. Hər bir tarixi dövr həmin dövrdə yaşayan adamların ideallarına öz izlərini buraxır.
İdealların şəxsiyyətin inkişafına göstərdiyi qüvvətli təsiri daha aydın görmək üçün heç yüksək ideal bəsləməyə qalib olmayan adamları müşahidə etmək lazımdır. İdeallar və onların məzmunu öz dərinliyi, genişliyi və mükəmməlliyi etibarı ilə təfəkkürlə sıx əlaqədardır. Həyat təcrübəsi və bilikləri az olduğu üçün təfəkkürü məhdud olan uşağın idealı atası, anası, yaxın adamları olur. Təcrübə göstərir ki, məktəb yaşlarında uşaqlar özlərini müəllimlərinə oxşadırlar. Deməli, onların məktəb yaşlarındakı idealı müəllimlərdir. Uşaqlar böyüdükcə, təlim-tərbiyə sayəsində gənc məktəblinin təfəkkürü inkişaf etdikcə idealları da dəyişir, daha yüksək və ümumi səciyyəyə malik olur. Artıq uşaqlar özlərinə yeni ideal seçirlər. Məsələn, bir qism üçün tarixi simalar, alimlər, ədib və yazıçılar, digər qism üçünsə müğənnilər, tele-aparıcılar, siyasi xadimlər və s. ideal olurlar. Bu şübhəsiz ki, yaxşıdır. Lakin sadəcə başqa ideala malik olma azdır. Burada, müsbət ideal uğurunda, ona nail olmaq uğurunda mübarizə etmək, çalışmaq əzmi də çox mühümdür. Təlim-tərbiyənin bir vacib vəzifəsi də gənclərimizdə öz müsbət ideallarına nail olma əzmi tərbiyə etməkdir. Onu xüsusilə qeyd etmək lazımdır ki, həm ailədə, həm də məktəbdə uşaqların və gənclərin idealı ilə maraqlanmaq lazımdır. Çünki uşaqlar müsbət ideyalar seçdiyi kimi mənfi xarakterli və əməlli insanları da özlərinə ideal seçə bilərlər. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, gənclərin bir qismi baxdıqları filmlərdəki obrazları özləri üçün ideal seçirlər. Belə gənclər öz həmyaşıdları ilə həmin obrazlardakı insanlar kimi davranırlar. Onların fikrilə razılaşmayan gəncləri döyüb təhqir edirdilər. Tərbiyəçilər və valideynlər daim çalışmalıdırlar ki, uşaqlar özlərinə mənfi xarakterli adamları deyil, müsbət xarakterli insanları ideal seçsinlər. Bu da yalnız təbliğat vasitəsi ilə həyata keçirilməlidir.
Şəxsiyyətin istiqaməti maraqlarda da ifadə olunur. Maraq şəxsiyyətin gerçəkliyi dərk etməyə, hər hansı bir fəaliyyət növünə, müəyyən bilik sahəsinə yiyələnməyə az və ya çox davamlı yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir.
Maraqların səviyyə və keyfiyyəti insanın ümumi inkişaf səviyyəsi ilə əlaqədardır. Yetkinləşmiş mədəni adam öz maraqlarının genişliyi, dərinliyi və zənginliyi ilə fərqlənir.
Maraqların həcmi də mühümdür. Maraqların məhdudluğu ümumi inkişafa mənfi təsir göstərir, həyatı birtərəfli və sıxıcı edir. Deməli, maraqların dairəsi geniş olmalıdır. Lakin bu, hər şeylə ötəri maraqlanmaq demək deyildir. Maraqların genişliyi psixi həyatın zənginliyinə o zaman müsbət təsir göstərir ki, adamın əsas, mərkəzi bir marağı olsun və yerdə qalan bütün maraqları onun ətrafında üzvi surətdə birləşsin.
Maraqlar dərinlik və davamlılıq etibarilə müxtəlifdir. Miqdarca çox, lakin keçici maraqlar insanın həyat və fəaliyyətində əhəmiyyətli iz buraxa bilməz. Yüksək ictimai mənaya malik maraqlar möhkəm və davamlı olub, insanın xarakter əlamətinə çevrildikdə, şəxsiyyətin ümumi inkişafına mühim təsir göstərir.
Beləliklə, şəxsiyyət insanların sosiallaşması, fəaliyyət və ünsiyyət vasitəsilə sosial münasibətlər sisteminə qoşulmasının məhsuludur. Bir sistem olaraq o insanın şüuru, davranış və fəaliyyətinin fərdi xüsusiyyətlərində əks olunur.
Mahir SƏLİMOV
ADPU-nun Ağcabədi filialının direktor müavini, dosent