Akademik Zərifə Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin parlaq səhifəsidir

Azərbaycan xalqı görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100 iliyini qeyd edərək, əziz xatirəsini dərin ehtiramla yad edir.

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, XX əsr Azərbaycan Oftolmologiya məktəbinin yaradıcılarından biri olmuş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

Akademik Zərifə Əliyeva fəlsəfə doktoru, M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmlər doktoru dissertasiya­larını mü­da­fiə etmiş, professor elmi adını almış, Azərbaycan Elmlər Akademi­yasının həqiqi üzvü seçilmişdir. Görkəmli akademik Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi, böyük elmi işçi, sonralar Azər­bay­can Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafed­rası­nın müdiri vəzifələrində çalışmışdır.

Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi, onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəh­bəri və məsləhətçisi olmuşdur.

Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. O, elmi-pedaqoji fəaliyyətində təkcə elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftolmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Rövşən Əhmədov

 YAP Ağcabədi rayon təşkilatının sədri

Şərhlər