Kənd məktəbliləri arasında bilik yarışması keçirilib


Aprelin 15-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə
Ağcabədi rayonu Pərioğullar bələdiyyəsinin təşkilatçılığı ilə Pərioğullar, Təzəkənd, Hacıbədəlli, Rəncbərlər, Hüsülü və Cəfərbəyli kənd tam orta məktəblərinin şagirdləri arasında intellektual bilik yarışması keçirilib. Kənd məktəblilərinin arasında keçirilən yarışın keçirilməsində məqsəd Heydər Əliyev irsinin təbliği, onun dərindən öyrənilməsi, eyni zamanda şagirdlərin bilik və bacarıqlarının, onların intellekt səviyyələrinin inkişaf etdirilməsidir.
İştirakçılar ilk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından
keçən Vətən qəhrəmanlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Bilik yarışmasını giriş sözü ilə açan Pərioğullar bələdiyyəsinin sədri Mansur Quliyev yarışda iştirak edən şagirdləri salamlayıb, onlara uğurlar arzulayıb. Mansur Quliyev onu da qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində belə yarışların keçirilməsi bu ilin sonuna qədər nəzərdə tutulur.
Azərbaycan dili, Azərbaycan tarixi, Coğrafiya və Riyaziyyat fənlərini əhatə edən suallara cavab verən şagirdlər yarışmanın birinciliyi uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışması Rəncbərlər kənd tam orta məktəbinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qaliblər Pərioğullar bələdiyyəsi tərəfindən Fəxri fərmanlar və digər qiymətli
hədiyyələrlə təltif olunacaqlar.

Kənan İSAYEV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər