Qayğıkeş insan, görkəmli  alim

Aprelin 28-də Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi qeyd ediləcək. Bütün həyatı boyu xeyirxah əməlləri ilə, yüksək mənəviyyatı və  insanlara qarşı həssas və qayğıkeş münasibətilə seçilən akademik Zərifə Əliyeva oftalmalogiya sahəsində fundamental elmi nəticələr əldə etmişdir.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Zərifə xanım Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçmiş, 1953-cü ildə aspiranturanı bitirmişdir. O, 1957-ci ildən 1967-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmalogiya İnstitutunda, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrdə işləmiş və elmi tədqiqatlar aparmış, 1977-ci ildə tibb elmləri doktoru  alimlik dərəcəsi almışdır.

Görkəmli oftalmoloq-alim bir çox elmi əsərlərin, monoqrafiya və dərsliyin, elmi işin, səmərələşdirici təklifin və ixtiranın müəllifi olmuş, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində gərgin əmək sərf etmişdir.

Zərifə Əliyeva oftalmalogiya sahəsində böyük uğurlar və sanballı nəticələr  əldə etdiyi üçün 1981-ci ildə keçmiş Sovetlər İttifaqının ən yüksək mükafatına, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ Averbax adına mükafata layiq görülmüşdür. Bu mükafatı əldə edən ilk qadın məhz professor Zərifə Əliyeva olmuşdur.

Apardığı elmi tədqiqatların sosial, nəzəri və praktiki əhəmiyyəti, pedaqoji istedadı və ictimai fəallığına görə Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının akademiki seçilmişdir.

Görkəmli oftalmoloq elmi fəaliyyəti ilə yanaşı ictimai xadim olmuşdur. O Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik Oftalmologiyi” jurnalının idarə heyətinin üzvü olmuşdur.

Zərifə Əliyeva  elmi -pedaqoji fəaliyyəti ilə yanaşı özündə bütün gözəl xüsusiyyətləri birləşdirən əsl azərbaycan xanımı olmuşdur. O, Müstəqil Azərbaycanın qurucusu, ömrünü ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş Ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, Azərbaycanı yenidən öz ərazi bütövlüyünə qovuşduran, Prezident  Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi xalqımıza dəyərli övlad  bəxş etmiş ana  olmuşdur.

100 il əvvəl dünyaya göz açmış, ömrünün böyük hissəsini ona pənah gətirənlərin  gözlərinə nur vermiş, görkəmli alim, qayğıkeş insan indi aramızda olmasa da, onun parlaq siması xalqımızın qəlbində əbədi yaşayacaqdır.

            Nazim Bünyatov

            YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Şərhlər